APA TV Kəpəz dağında – XÜSUSİ REPORTAJ
Gəncədə sadə vətəndaşlardan ibarət təşəbbüskar qrupu əfsanəvi Kəpəz dağının haça zirvəsinə qalxıblar. Dəniz səviyyəsindən 3030 metr hündürlüyə qalxmaq istəyənlər arasında yaşlılar, gənclər, uşaqlar, hətta bir neçə ailə. o cümlədən bir Olimpiya çempionu yer alıb. APA TV-nin çəkiliş qrupu da təşəbbüskarla qoşulub. Ən yaşlısının 62, ən kiçiyinin isə 8 yaşı olan 35 nəfərdən ibarət bu komanda əvvəlcə Hacıkənddən maşınlarla Kəpəzin ətəklərinə doğru yol aldı. Ardınca Kəpəzin zirvəsinə doğru 3 saatadək davam edən yürüş başlayır.
Kəpəz dağı ilə bağlı maraqlı faktları böyükdən kiçiyə demək olar ki, hər kəs bilir. Mənbələrə görə isə dağın qədim adı Alparaq olub. Alp – uca deməkir. Nizami Gəncəvinin əsərlərində dağın adı Alparaq olaraq bir neçə dəfə çəkilib. 1139-cu ilin məlum güclü zəlzələsi zamanı dağın ucu qoparaq yaxınlıqdan keçən Ağ-su çayının qabağını kəsib və füsunkar Göy Gölü əmələ gətirib. Amma bu hadisə ilə bağlı daha maraqlı bir versiya da mövcuddur. Deyilənlərə görə, dağın zirvəsinə səma cismi - meteorit düşüb, zəlzələ də bu səbəbdən olub. Dağın başı partlayışla parçalanıb, iri qayalar ətrafa səpələnib, göllər yaranıb. Bu nəhəng fəlakətdən sonra başı partlayış və alovlarla qopmuş dağ “Kuhi-pəz”- “yanan dağ” adı alıb.
Keçək yürüşə. Komanda aralıq məntəqələrdə 3 dəfə dincəldikdən sonra, sonuncu mərhələni keçib nəhayət ki, zirvəyə çatdı.
İştirakçıların sevincinin həddi-hüdudu yoxdur.
Yürüşün ən qürurlu məqamı isə zirvədə himnimizin oxunması və üçrəngi bayrağımızın dalğalanması oldu.