Şəhidlər Xiyabanında İlhamla Fərizənin məzarları təhqir olundu
Ötən gün Şəhidlər Xiyabanına gedən Əşrəf Həşimov adlı Bakı sakini İlham və Fərizənin qəbirlərinin şəklini paylaşıb. Onun yazdığına görə, əvvəl şəkillərin üzərində boya olduğunu zənn etsə də, yaxınlaşanda bunun nəcis olduğunu görüb. Dərhal Şəhidlər xiyabanına gələn Bakı Şəhər İcra Hakimiyyəti nümayəndələri məzarları təmizləyiblər. Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin baş mühəndisi Sabir Həsənov şəhid məzarlarına nəcis yaxılması ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib ki, şəhidin məzarına nəcis yaxılması çox güman ki, əraziyə gələn hansısa avara insanların işidir. Bu barədə səhər saatlarında məlumat verilib və dərhal məzarlar təmizlənib.
Sabir Həsənovun sözlərinə görə, ərazidə müşahidə kamerası olmadığından hadisəni kimin törətdiyi məlum deyil: “Gecə saatlarında əraziyə ancaq 2 polis əməkdaşı nəzarət edir. Görünür, bu hadisəni edən kimsə məharətlə polislərin gözündən yayına bilib”.
Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, avqustun 21-dən 22-ə keçən gecə paytaxtın Şəhidlər Xiyabanında qəbirlər üzərində təhqiredici hərəkətlərin edilməsi faktı ilə bağlı Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 245-ci maddəsi ilə cinayət işi başlanıb. Cinayət işi üzrə istintaqın aparılması Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq idarəsində tapşırılıb.
Hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri həyata keçirilir.