Neftçalada yanğın: dördotaqlı ev külə döndü
Neftçala rayonunda fərdi yaşayış evində baş verən yanğın bir ailəni evsiz qoyub. APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, yanğın hadisəsi rayonunun Qaralı kəndidə qeydə alınıb. Kənd sakini, 33 yaşlı Aydın Arif oğlu Əliyevə məxsus 2 mərtəbəli fərdi yaşayış evi qəfildən alovlanıb. Yanğın baş verən zaman ev sahibləri evdə olmayıb. Evin alovlandığını görən qonşular dərhal Neftçala yanğından mühafizə hissəsinə məlumat veriblər. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Neftçala yanğından mühafizə hissəsindən 2 yanğınsöndürən maşın cəlb edilib. Yanğınsöndürənlərin səyi nəticəsində yanğını 1 saatdan sonra söndürmək mümkün olub və alovun digər tikililərə keçməsinin qarşısı alınıb. Yanğının söndürülməsinə baxmayaraq 2 mərtəbədən ibarət 4 otaqlı fərdi yaşayış evi içindəki əşyalarla birlikdə yanaraq kül olub.
Fərdi yaşayış evində baş verən yanğının elektrik naqillərindəki qısaqapanmadan qaynaqlandığı ehtimal edilir. Faktla bağlı araşdırmalar aparılır.