Bakı Dairəvi yolunda benzindaşıyan maşın aşıb, güclü yanğın baş verib

Bakıda yanacaq daşıyan maşın qəza törədib. APA TV-nin məlumatına görə, hadisə  Bakı dairəvi avtomobil yolunda qeydə alınıb.

 Yanacaq daşıyan avtomobil sürücünün idarəetməsindən çıxaraq dəmir arakəsməyə çırpılaraq aşıb.

 Nəticədə partlayış və yanğın baş verib. Toqquşmadan sonra benzindaşıyan yük maşınında olan  benzin 200 metr əraziyə dağılıb. Baş verən güclü yanğın səbəbindən dairəvi yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Yanğınla bağlı Yeni Yasamalda yerləşən binalara elektrik enerjisinin verilməsi dayandırılıb. Hadisə yerinə Yasamal, Səbail və Binəqədi rayonlarından olan yanğınsöndürmə briqadaları cəlb edilib.  Dövlət Yol Polis İdarəsinin əməkdaşları dairəvi yolun bu hissəsini bağlayıb. Baş verə biləcək növbəti partlayışdan ehtiyat edən polis əməkdaşları vətəndaşları ərazidən uzaqlaşdırıblar.

 

Hadisə şahidlərindən APA TV-yə verilən məlumata görə, yanacaq daşıyan maşının sürücüsü qəzadan sonra hadisə yerini tərk edib.

 

Artan alovla əlaqədar əraziyə əlavə yanğınsöndürən briqadalar cəlb olunub. Yanğın bir neçə saat davam edib.

Müəllif | Apa.Tv