Litvanın Luqanskdakı konsulu qətlə yetirilib
Litvanın Luqanskda fəxri konsulu Nikolay Zelents qanunsuz hərb birləşmələr tərəfindən oğurlanaraq qətlə yetirilib. APA TV-nin məlumatına görə, bu barədə Litvanın xarici işlər naziri Linas Linkyaviçyus bildirib. Onun sözlərinə görə, diplomat oğurlandıqdan sonra onun öldürüldüyü məlum olub. Ukrayna Xarici İşlər Nazirliyi bəyan edib ki, diplomatın qətlə yetirilməsində günahı olan şəxslərin cəzalandırılması üçün əlindən gələni əsirgəməyəcək.
Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Ketrin Eşton litvalı diplomatın qətlə yetirilməsini terror aktı kimi dəyərləndirib. Nikolay Zelentsin ailəsinə başsağlığı verən Eşton bildirib ki, qətli törədənlər mütləq məsuliyyətə cəlb olunmalıdır.