Kür çayı üzərində rekord uzunluqda dəmir-beton konstruksiyalı körpü tikilib

Azərbaycanda çay üzərində asma bağları olmadan aşırımı rekord uzunluqda dəmir-beton konstruksiyalı körpünün tikintisi başa çatıb. Körpü Şirvan ərazisində Kür çayı üzərində salınıb. Kür çayı ilə Hacıqabul-Horadiz yolunun 8-ci kilometrliyinin kəsişməsində yerləşən yeni körpünün tikintisini “EVRASCON” ASC həyata keçirir.

Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçirilən tikintinin layihə üzrə məsləhətçisi qismində İtaliya şirkəti çıxış edib. Tikintinin sifarişçisi Azərbaycan Respublikası Nəqliyyat Nazirliyidir. Layihəni Avro-Asiya İnşaat Korporasiyası (“EVRASCON”) hazırlayıb.

Bu, MDB məkanında asma dəmir bağları olmadan orta aşırımı 140 metr uzunluqda olan dəmir-beton konstruksiyalı ilk körpüdür. Kür çayı üzərində yeni tikilən körpü 90 dərəcə bucaq altında kəsişmədə 82+140+82 metr sxemində - 317,7 metr tam uzunluqda, 11,5 metr qabaritdə, sol və sağda yerləşən səkilərin hər birinin eni 0,75 metr, tam eni isə 14.85 metr olmaqla inşa edilib.

Kənar dayaqlar fərdi olaraq üç cərgəlidir, 2 və 3 saylı orta dayaqlar diametri 720 mm olan çalma svaylar üzərində oturdulmuş rostverq, gövdə rigel və şkaf divarından ibarətdir.

Körpü А-15, НК-100 normativ yüklərinə, 8 bal seysmikliyə hesablanıb.

Qeyd edək ki, 1963-cü ildə Kür çayı üzərində inşa edilmiş mövcud Şirvan-Sabirabad körpüsü nəqliyyat vasitələrinin, o cümlədən ağır tonnajlı yük avtomobillərinin intensiv hərəkətini tənzimləyə bilmədiyindən tez-tez sıradan çıxırdı. Bunları nəzərə alan hökumət yeni, daha müasir və davamlı körpünün tikilməsinə qərar verib. 2012-ci ilin ikinci yarımilində inşasına başlanan və tikintisi başa çatan yeni körpünün yaxın günlərdə avtomobillərin hərəkəti üçün istifadəyə verilməsi gözlənilir.
 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı