Füzuli və Cəbrayılın ermənilər tərəfindən işğalından 21 il ötür

Azərbaycanın Füzuli və Cəbrayıl rayonlarının Ermənistan tərəfindən işğal edilməsinin 21 illiyi ilə bağlı Şəhidlər xiyabanı ziyarət edilib. Füzuli və Cəbrayıl rayonlarının, o cümlədən ölkə ictimaiyyətinin nümayəndələrinin qatıldığı mərasimdə Azərbaycan ərazilərinin işğalı zamanı şəhid olmuş soydaşlarımız yad edilib, onların ruhuna dualar oxunub. Ziyarətçilər Əbədi Məşəl Kompleksinin qarşısına gül çələngi qoyublar. Mərasimdə çıxış edən Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı Ermənistanın işğalçılıq niyyətini pisləməklə yanaşı, dünya birliyinin, beynəlxalq təşkilatların işğal faktına göz yummalarını, adekvat addımlar atmamalarını tənqid edib.

"Amerikanın və Fransa xarici işlər nazirliyi səviyyəsində Azərbaycanda əsirlikdə ölən Karen Petrsoyanla bağlı bəyanat verdi. Ondan qabaq Həsən Həsənov öldürülüb, iki nəfər də girov saxlanılıb. Onlarla bağlı heç bir reaksiya verilmədi. Qarabağ məsələsi ilə bağlı beynəlxalq təşkilatların verdiyi reaksiya bir daha o həqiqəti ortaya qoyur ki, biz öz torpaqlarımızı yalnız öz gücümüzlə işğaldan azad edə bilərik".

Qeyd edək ki, Füzuli rayonu müharibədə 1100-dən çox şəhid verib, 1450 rayon sakini əlil olub. Rayonun işğaldan azad olunmuş ərazisində 13 qəsəbə və 20 kənd var. İşğaldan azad olunmuş ərazidə 12 yeni qəsəbə salınıb və məcburi köçkün ailələri müvəqqəti olaraq burada yerləşdirilib. Erməni işğalçıları ilə döyüşlərdə Cəbrayıl rayonundan 180 nəfər şəhid olub, 90 nəfərə yaxın isə əsir və itkin düşüb. Hazırda cəbrayıllı məcburi köçkünlər respublikanın 58 rayonunun 2000-dək yaşayış məntəqəsində məskunlaşıblar.

Müəllif | Apa.Tv
Apa.tv