Əməliyyatçılar Tovuz və Bakıda külli miqdarda narkotik ələ keçirdilər

DİN -nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində Regional Şöbəsinə Tovuz rayon Əyyublu kəndində narkotik maddə plantasiyası becərilməsi barədə məlumat daxil olub. APA Tv-nin məlumatına görə, narkotik maddəni əkib becərməkdə şübhəli bilinən kənd sakini, 26 yaşlı Əli Əliyev nəzarətə götürülüb və o 11 kiloqram qurudulmuş marixuananı 2 min ABŞ dollarına satarkən cinayət başında yaxalanıb. Əli Əliyev bildirib ki, çətənə kollarını bir neçə ay əvvəl satış məqsədilə əkib.

Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının Bakı şəhərində keçirdiyi digər əməliyyat axtarış tədbiri nəticəsində 1 kiloqramdan çox heroin, tiryək və həşiş qatranı da qanunsuz dövriyyədən çıxarılıb. Biləsuvar rayonunda anadan olmuş 30 yaşlı Fuad Əzizov şübhəli şəxs qismində saxlanılıb və onun üstündən 350 qram tiryək aşkarlanıb.

Əməliyyat axtarış tədbirlərini davam etdirən Baş İdarə əməkdaşları Cəlilabad rayonunda anadan olmuş 32 yaşlı Cavid Əsgərovu da yaxalayıb. Saxlanılan şəxsin evindən və həyətyanı sahəsindən ümumi çəkisi 1 kiloqramdan çox olan tiryək, heroin və həşiş qətranı, eləcə də narkotik maddə çəkmək üçün nəzərdə tutulan 3 ədəd elektron tərəzi də aşkar edilərək götürülüb.

Qeyd olunub ki, hər iki şəxs əvvəllər də narkotik maddə satdıqları üçün məhkum olunub. Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə iş açılıb, istintaq narkotik maddələrin mənbəyini və saxlanılan şəxslərin digər cinayət əməllərini araşdırır.

Müəllif | Apa.Tv
Apa.tv