Qəzaya uğrayan yanacaq daşıyan avtomobilin vurduğu ziyanı tam aradan qaldırmaq mümkün olmayıb

Avqustun 23-ünə keçən gecə Bakı Dairəvi yolunun 4-cü km-də yanacaq daşıyan iritutumlu avtomobilin qəzaya uğraması nəticəsində paytaxtın elektrik təsərrüfatına dəymiş ziyan hələ tam aradan qaldırılmayıb. APA TV-nin məlumatına görə, avqustun 23-ü səhər saatlarından başlayan təmir işləri davam edir. "Bakıelektrikşəbəkə"nin əməkdaşları sıradan çıxan yüksək gərginlikli elektrik xətlərinin dəyişdirilməsi ilə məşğuldurlar. Yasamal rayonuna isə elektrik enerjisi hələlik alternativ xətlə ötürülür.

 

Qeyd edək ki, qəza elektrik xətlərinə ciddi ziyan vurub. Hadisə nəticəsində ərazidən keçən hava elektrik xətləri sıradan çıxıb.

 

Yol qəzası və ardınca baş verən yanğın Bakının yol təsərrüfatına da zərər verib. "Azəryolservis" ASC-nin məlumatına görə, yolda 72 poqonmetr təhlükəsizlik səddi, onun üzərində olan yerli 24 ədəd işıqqaytaran, bir yol nişanı sıradan çıxıb, bir işıq dirəyi aşıb. “Azəyrolservis” in əməkdaşları tərəfindən dəymiş ziyan ilkin olaraq təqribən 7 min manat dəyərində qiymətləndirilib.

 

Xatırladaq ki, avqustun 23-ünə keçən gecə Bakının Yasamal rayonunda "Mercedes" markalı yük avtomobilinə qoşulmuş tutumu 40 ton olan yanacaq çəninin qəzaya uğraması nəticəsində maşın yolun kənarına aşıb. Yanğın nəticəsində yük avtomobilinin yanar hissəsləri, çəndə və ətrafa dağılmış yanacaq 200 kv.m sahədə yanıb. Yanğın saat 01:42-də söndürülüb.

 

Qəza nəticəsində Bakının böyük bir ərazisi işıqsız qalıb. 

Müəllif | Apa.Tv