Salyanda ağır qəza: arvad öldü, əri xəstəxanalıq oldu
Salyanda rayonunda 1 nəfərin ölümü, 1 nəfərin yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib. Hadisə ötən gün axşam saatlarında Ələt-Astara magistral yolunun 82-ci kilometrliyində, Salyanın Şörsulu kəndi ərazisində qeydə alınıb.
20 yaşlı Bəhruz Qəmbərovun idarə etdiyi “VAZ-2106” markalı avtomobil Astara istiqamətində hərəkətdə olarkən əks istiqamətdən gələn Lənkəran sakini, 43 yaşlı Mübariz Yolçu oğlu Rufullayevin idarə etdiyi “Kamaz” markalı yük maşını ilə toqquşub. Nəticədə “VAZ-2106” yolun kənarına düşüb. Qəza zamanı minik avtomobilinin sürücüsü xəsarətsiz ötüşsə də, maşında olan sərnişin, Masallı sakini, 58 yaşlı Nənəcan Daxıl qızı Qasımova hadisə yerində keçinib.
İNTERŞUM
Dünyasını dəyişən qadının əri, 53 yaşlı Qulamhüseyn Həşim oğlu Qasımov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı dərhal Salyan rayon mərkəzi xəstəxanasına çatdırılaraq ilk tibbi yardımdan sonra travmatologiya şöbəsində yerləşdirilib.
Qəzanın baş verməsinə gəlincə, ilkin ehtimala görə, ”VAZ-2106”nın sürücüsü ötmə əməliyyatını düzgün yerinə yetirməyib.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.