Qəbələdə mürəbbə festivalı - XÜSUSİ REPORTAJ
Qəbələdə növbəti dəfə mürəbbə festivalı keçirilib. APA TV-nin yerli bürosunun xəbərinə görə, Qəbələ rayon İcra Hakimiyyətinin, Mədəniyyət və Turizm Nazirliyinin Milli Kulinariya Mərkəzinin, Azərbaycan Milli Kulinariya Assosiasiyasının birgə təşkil etdiyi festival Qəbələ şəhərindəki “Qafqaz Karvansaray” otelində baş tutub. İkinci dəfədir ki, keçirilən Qəbələ mürəbbə festivalında Şəki, Abşeron, Qobustan, Şamaxı, Balakən, Qax, İsmayıllı, Ağdaş, Göyçay, Ucar, Zərdab, Zaqatala, Xaçmaz, Qusar, Quba, Gədəbəy, Goranboy, Gəncə, Oğuz və Qəbələnin hər birindən 8 çeşiddə mürəbbə hazırlayan 8 nəfər, habelə həmin şəhər və rayonların bədii kollektivləri, xalq tətbiqi sənəti ustaları iştirak ediblər. Festival əvvəlcə yarış şəklində təşkil olunub. Bunun üçün xüsusi komissiya da yaradılıb. İştirakçılar müsabiqəyə gilas, böyürtkən, çiyələk, heyva, qoz, ərik, gül və gavalı mürəbbələri təqdim ediblər. Bundan əlavə festivalada ilk dəfə olaraq Ucar rayonu tərəfindən təqdim edilən pomidor və badımcan mürəbbələri, qeyri-adi şirniyyatlar hamının böyük marağına səbəb olub. Yarışlar bitdikdən sonra mürəbbələrin satışı üçün şərait yaradılıb. Festival çərçivəsində xalq tətbiqi sənəti ustalarının əsərlərindən ibarət sərgi-yarmarkalar, həmçinin Bakı, Qəbələ və respublikanın digər bölgələrinin bədii kollektivlərinin çıxışları da təşkil edilib. Münsiflərin rəyi əsasında iştirakçıların gözü qarşısında ən yaxşı mürəbbə hazırlayan şəxslər müxtəlif nominasiyalar üzrə qalib elan olunub və qaliblər mükafatlandırılıb.
Tədbirdə iştirak edən Koreyanın Azərbaycandakı səfiri Çoi Suk festivalla bağlı təəssüratlarını bölüşüb:“Bu, Qəbələyə 4-cü səfərimdir. Əvvəllər düşünürdüm ki, Qəbələ Azərbaycanın yalnız turizm və sənaye rayonudur. İndi isə gördüm ki, Qəbələ həm də mədəniyyət və musiqi festivalları ilə məşhurdur. Qəbələ həm də Azərbaycan mədəniyyətinin və mətbəxinin mərkəzi hesab oluna bilər”.
Festivalın gələn ildən beynəlxalq səviyyədə keçirilməsi planlaşdırılır.