BMT təmsilçisi: "İraq türkmənləri soyqrımı təhlükəsi ilə üz-üzədir"
BMT Şimali İraqda Amerli qəsəbəsində yaşayan türkmənlərin qətliamla üz-üzə olduğu xəbərdarlığını edib. APA TV-nin məlumata görə, qurumun xüsusi təmsilçisi Nikolay Mladenov qəsəbə sakinlərinin yaşadığı şəraitin ciddi şəkildə narahatedici olduğunu deyib. "İŞİD-in əlində olan bu qəsəbədə elektrik və su yoxdur, qida və tibbi vasitələr isə tükənmək üzrədir" deyə BMT təmsilçisi qeyd edib.
Qəsəbə əhalisinin əksəriyyətini türkmənlər təşkil edir. Mladenovun sözlərinə görə, orada yaşayan xalqın vəziyyəti qətliamın qarşısını almaq üçün addımların atılmasını labüd edir. Yerli sakinlər də İŞİD-in mühasirəsindən sonra onlara heç bir yardımın çatmadığını deyirlər. Qəsəbəyə qida İraq əsgərləri tərəfindən helikopterlə gündə bir dəfə gəlir. Gətirilən qida və digər vasitələr isə qəsəbə sakinlərinin hamısına çatmır. Amerli əhalisinin çoxu İraqda yaşayan xalqların 4 faizini təşkil edən türkmənlərdir. Şiə olduqları üçün isə onlar İŞİD tərəfindən kafir adlandırılırlar və bu terrorçu qruplaşmanın hədəfində olan əsas millətdir. Kərküklü jurnalist, şair Şəmsəddin Kuzəci də Amerlidəki son durumu APA TV-yə şərh edərək vəziyyətin acınacaqlı olduğunu qeyd edib. Onun sözlərinə görə, Amerli strateji mövqeyə sahib olduğundan İŞİD üçün çox vacibdir. Amma Amerli xalqı qəsəbəni asanlıqla İŞİD qüvvələrinə vermək fikrində deyil: "Amerli İŞİD tərəfindən blokadaya alınıb. Amma Amerliyə girə bilmirlər. Çünki Amerlidəki insanlar və kənardan gələn İraq ordusunun əsgərləri İŞİD qarşı savaşırlar. 15 min türkməndən yalnız 400-ü silah dərsləri alıb. Digərləri sadə vətəndaşlardır. Amma hamısının əlində silah var, savaşır və İŞİD-in qəsəbəyə girməsinin qarşısını alır".
Şəmsəddin Kuzəci BMT təmsilçisinin xəbərdarlığı ilə də razıdır. Lakin o, ümidverici məqamların olduğunu da diqqətə çatdırıb: "2 aydır, onlara ərzaq və silah çox çətin şərtlər altında çatdırılır. Bağdadda da siyasi böhran olduğu üçün ciddi dəstək verə bilmir. Amma hesab edirəm Amerika yaxın vaxtlarda oraya müdaxilə edəcək. İraq ordusu dirçəlmək üzrədir. Çünki İraqın Səddam Hüseyn dövründəki Ordu Qərargahı rəisinin həbsxanadan çıxarılaraq, ordunun başına gətirilməsi planlaşdırılır".
İraqlı jurnalistin fikrincə, onun ordunun başına gətirilməsi isə İŞİD-ə qarşı, o cümlədən Mosulun xilas edilməsi istiqamətində ciddi addım olacaq.