İki "Mercedes" toqquşdu: 1 ölü, 1 yaralı

Gəncə-Şəmkir yolunda 1 nəfərin ölümü, 1 nəfərin isə ağır yaralanması ilə nəticələn yol qəzası baş verib. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, hadisə bu gün saat 12.00 radələrində Gəncə-Şəmkir yolunun 3 kilometrliyində qeydə alınıb. Gəncə sakini 29 yaşlı Elvin Rzayev idarə etdiyi  "Mercedes" markalı avtomobillə Qazax istiqamətində hərəkətdə olarkən Adil Bağırovun idarə etdiyi digər "Mercedes" markalı minik maşını ilə toqquşub. Qəza nəticəsində ağır dərəcədə xəsarətlər alan Adil Bağırov xəstəxanaya aparılarkən yolda keçinib. Digər sürücü - Elvin Rzayev ağır bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, yaralının vəziyyəti orta-ağır olaraq qalır. Həkim Şahin Quliyev bildirib ki, avtoqəza nəticəsində sağ qulaq seyvanın kəsilmiş-əzilmiş yarası, boyun fəqərələrinin gərilməsi zədəsi alıb. Xəstəyə ilkin tibbi yardım göstərilib. Yara tikilib. Boyun fəqərələrinin müayinəsi üçün kompüter tomoqrafiyasına göndərilib. Cavab gəldikdən sonra ayrı tədbir görüləcək. İlkin ehtimala görə qəzaya avtomobillərdən birinin dönmə əməliyyatını düzgün yerinə yetirməməsi səbəb olub. Faktla bağlı Göygöl rayon Polis İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli