Azərbaycan üçün Həcc kvotası 4100 nəfərə qaldırıldı

Azərbaycandan bu il Həcc ziyarətinə gedəcək zəvvarların kvotasında dəyişiklik olub və ziyarətə gedəcək zəvvarların sayı xeyli artıb. QMİ-dən APA-ya verilən məlumata görə, nəzərdə tutulan 3200 nəfərlik kvota artırılaraq 4100 nəfərə çatdırılıb. Buna səbəb ziyarətə getmək üçün sənəd verənlərin kifayət qədər çox olmasıdır. Bundan başqa, artıq zəvvarların qruplara bölgüsü də başlayıb və yaxın zamanda zəvvarların neçə qrupda səfərə çıxacaqları məlum olacaq.

 

Qeyd edək ki, bu il Azərbaycandan Həcc səfəri sentyabrın 23-dən başlayacaq. 4100 zəvvarın tam yarısı 4100 manatlıq variantla, yəni VİP şəraitdə ziyarətə gedənlərdir. İlk gün bir reys, növbəti günlər isə hər gün 2 və ya 3 reys olmaqla, uçuşlar sentyabrın 28-dək davam edəcək. Sentyabrın 28-də Azərbaycandan bu il Həcc ziyarətinə son səfər günü kimi nəzərdə tutulur. Ziyarətdən qayıdış isə Qurban bayramından 5 gün sonraya -  təxminən oktyabrın 10-dan nəzərdə tutulur. Bu il Azərbaycanda Qurban bayramı oktyabrın 4-5-də qeyd olunacaq. Xatırladaq ki, Azərbaycanda bu il Həcc ziyarətinə getmək istəyən zəvvarlardan sənəd qəbulu fevralın 13-dən başlayıb. Ziyarət bu il də iki variantda təşkil olunur. Nisbətən şəraiti zəif və gündə iki dəfə yemək verilən hotellərdə qalan zəvvarlar üçün ümumi ziyarət xərci 3250 manat, daha yaxşı, yəni VİP şəraitli və yeməkləri daha çeşidli olan hotellərdə qalmaq istəyən zəvvarlar üçün ümumi xərc 4100 manatdır. Həcc ziyarətinə səfərlər yalnız təyyarə ilə baş tutacaq. Suriyada baş verən hadisələrlə əlaqədar bu il də zəvvarlar avtobuslarla səfər edə bilməyəcəklər. Sənədlər Həcc ziyarətini təşkil edən yeganə qurum olan QMİ-nin Həcc şöbəsində qəbul olunur. 

Müəllif | Apa.Tv
Apa.tv