Bakıda gənc oğlanın 4 qohumunu bıçaqlamasının təfərrüatları məlum olub

Gecə saatlarında Sabuncu rayon 3 saylı klinik tibbi mərkəzə kəsilmiş deşilmış yaralar ilə bir neçə xəstə daxil olub. APA TV-nin məlumatına görə, araşdırmalar zamanı məlum olub ki daxil olan xəstələr bir ailənin üzvləri olan 49 yaşlı Ülkər Abdullayeva, həyat yoldaşı 52 yaşlı Tərlan Abdullayev, onların övladı 27 yaşlı Rəhman Abdullayev və ailənin yaxın qohumu olan 26 yaşlı Cahid Qədəşovdur. Yaralıların  vəziyyəti ağır olduğundan onlar dərhal cərrahi əməliyyata alınıb.

 

3 saylı şəhər klinik xəstəxanasının şöbə müdiri Namiq Dəmirçiyev bildirib ki, yaralılardan Ülkər Abdullayeva xəstəxanaya gətirilərkən vəziyyəti daha ağır olub və onun həyatını xilas etmək mümkün olmayıb. T.Abdullayev isə hazırda reanimasiya şöbəsindədir və əməliyyat olunub. Onun həyatına təhlükə yoxdur. İki nəfər - Rəhman Abdullayev və Cahid Qədəşov palataya köçürülüb. Daha bir yaralı isə  1 saylı şəhər xəstəxanasına yerləşdirilib.

 

Dərhal insidentin baş verdiyi Şağan qəsəbəsi, Əzizbəyov küçəsi, ev 88 ünvanına gələn Xəzər Rayon Polis İdarəsinin və Prokurorluğun əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən şəxsi müəyyən ediblər. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 23 yaşlı Nahid Qədəşovu saxlayıblar. Məlum olub ki, 23 yaşlı oğlan dayısı arvadını öldürüb, dayısına və dayısı oğluna ağır bıçaq xəsarəti yetirib.

 

Xəzər rayon Prokurorluğunun böyük müstəntiqi Zaur Ağakişiyev  deyib ki, keçirilən əməliyyat-axtarış tədbirləri  ilə Nahid Qədəşov şübhəli şəxs qismində saxlanılaraq istintaqa cəlb olunub. Onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə), və 29. 120. 2.7-ci maddələri ilə cinayət işi başlanılıb. İstintaqın gedişi zamanı hadisənin əsl səbəbi məlum olacaq. 

 

İlkin ehtimallara görə, Ülkər Abdullayevanı bıçaqlayaraq qətlə yetirən 23 yaşlı Nahid Qədəşov həmin qadının baldızının oğlu, eyni zamanda onun oğlu-yaralı Rəhman Abdullayevin həyat yoldaşının qardaşı olub. O, dünən axşam saatlarında bıçaq götürərək Şağan qəsəbəsindəki evə gəlib və hələlik məlum olmayan səbəblərdən evdəkiləri bıçaqlayıb. Tərəfləri ayırmağa çalışan Nahid Qədəşovun qardaşı Cahid Qədəşov da bıçaqlanıb. Yaxınlarının APA TV-yə verdiyi məlumata görə, ailələr arasında indiyədək ciddi söz-söhbət olmayıb. Hadisənin ailə-məişət zəminində törədildiyi ehtimal edilir.

 

Müəllif | Apa.Tv