Azərbaycanlı sərnişinin qalmaqal yaratdığı təyyarə İrəvana məcburi eniş edib

Rusiyanın "Aeroflot aviaşirkətinə məxsus, Dubay-Moskva reysi ilə uçan təyyarə İrəvanın hava limanına məcburi eniş edib. Buna səbəb sərnişinlərdən birinin təyyarədə sərxoş vəziyyətdə səs-küy və dava-dalaş salması olub. APA TV-nin Vesti.az-a istinadən verdiyi xəbərə görə, təyyarədə xuliqanlıq edən şəxsin kimliyi araşdırılarkən onun 30-35 yaşlarında Azərbaycan vətəndaşı olduğu müəyyənləşib. Bildirilir ki, təyyarə havaya qalxarqalxmaz o, özünü kobud aparmağa başlayıb, söyüş söyüb və sərnişinləri narahat etməyə başlayıb. Stüardessalar onu sakitləşdirməyin mümkünsüzlüyünü görüb, sərnişinlərdən kömək istəyiblər. 5-6 nəfər kişi ayağa qalxaraq onun əl-qolunu tutub, oturacağa sarıyıblar. İrəvan aeroportunda isə təyyarəyə tibb işçiləri dəvət olunublar. Onlar azərbaycanlıya sakitləşdirici iynə vurublar və o, yatıb. Bundan sonra yenidən havalanan təyyarə Moskvaya 3 saat gecikmə ilə çatıb.

 

Müəllif | Apa.Tv
Apa.tv