İstilərdən və günvurmadan necə qorunmalı? - EKSPERT RƏYİ

İnsanların isti havalardan şikayətləndiyi bir vaxtda nə qədər təəccüblü olsa da, belə havadan razılıq edənlər də var. Amma ümumilikdə artıq neçə gündür ki, ölkə əhalisi istilərdən çox şikayətlənir. Bu barədə narahatlıqlarını yerli sakinlər bizimlə də bölüşdülər.

 

- Çox istidir, əsasən günortalar hiss eləmək olur. Səhər bir o qədər bürkü olmur. Bütün günü işdə olanda daha yaxşı olur. Kondisionerin altında otururuq.

 

- Susuzluq olur. Gedirsən yuyunursan. Tez-tez su içirsən, hamısı istilərlə bağlıdır.

 

- İstilər tək bizi yox, bütün milləti, camaatı, hamını narahat edir.

 

Əslində Azərbaycanda günvurma halları ilə bağlı tibb müəssisələrinə müraciət edənlərin sayı o qədər yüksək deyil. Sorğuda iştirak edənlər də bu sahədə bilgili olduqlarını ifadə etdilər.

 

Mərkəzi Neftçilər Xəstəxanasının həkim-terapevti Failə Axundova APA TV-yə müsahibəsində istilərdə çox ehtiyatlı olmağın vacibliyini bir daha vurğulayıb. Onun sözlərinə görə, havaların kəskin isti keçməsi birbaşa qan dövranına təsir edir. Belə ki, təzyiqin artması ilə beyində qan dövranı pozula bilər: "Bu, daha çox 5 yaşdan kiçik və 65 yaşdan böyük insanlar üçün qorxuludur.  Bunun səbəbi uşaqlarda su tutumunun azlığı və çox hərəkətdə olduqları üçün tərləmələri, yaşlılarda isə su-duz mübadiləsi pozğunluğudur".

 

Failə Axundova günvurma ilə istilikvurmanı fərqləndirməyin vacibliyinə diqqət çəkir. Onun sözlərinə görə, günvurma artıq patoloji haldır. Simptomlar özünün göstərərsə, xəstəxanaya müraciət olduqda da onlar ilk növbədə günvurma ehtimalını nəzərdən keçirirlər: "İnsanlarda diskomfort, başgicəllənmə, halsızlıq olur, nəbz artır. Temperatur yüksəlir, ishal halı ola bilir. Belə olduqda biz ilk olaraq düşünürük ki, günvurma ola bilər".

 

Onun sözlərinə görə, bu simptomları özündə hiss edən şəxslər dərhal həkimə müraciət etməlidir. Həkim-terapevt bu kimi halların baş verməməsi üçün isə bunları məsləhət görür: "Saat 12-dən 17-yə kimi bayırda olmamağı, olduqda isə örtüklərdən istifadə etməyi məsləhət görürəm.  Evlərdə kondisionerdən istifadə etsinlər, amma bu zaman da ehtiyatlı olmaq lazımdır. Kondisionerdən də birbaşa istifadə etmək alergik xəstələrə, bronxit xəstələrə pis təsir edir. Maye qəbulu çox olmalıdır. Yağlı yeməklər olmamlıdır".

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev də bir neçə gündür, davam edən kəskin istilərin meteohəssas insanlar üçün əlverişsiz olduğunu deyib: "Avqustun 30-dək Abşeron yarımadasında isti hava diskomfortu, zəif küləklərin üstünlük təşkil etməsi, bəzi saatlarda bürkülü hava şəraiti, eyni zamanda rütubətliliyin çox olması meteohəssas insanlar üçün əsasən əlverişsiz olacaq".                                                                                                                                                               

 

O, insanların günün isti vaxtında açıq havada çox gəzmələrini məsləhət görmür. Bu cür isti havalar isə hələ bir neçə gün davam edəcək.

 

Mərkəzi aran bölgəsində ən yüksək temperatur 40 dərəcəyə kimi qalxsa da, dağlıq bölgələrdə 26-31 dərəcə isti müşahidə olunacaq. 

 

Müəllif | Apa.Tv