Prezident İlham Əliyev Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin açılışına qatılıb

Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin açılışında iştirak ediblər.

 

Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayev görülən işlərlə bağlı məlumat verib. Muzeydə Azərbaycan xalçaçılıq məktəbinin bütün istiqamətləri, yaşı yüz illərlə ölçülən xalça və xalça məmulatlarının geniş çeşidləri təqdim olunub. Dövlət başçısı mərasimdə çıxış edərək Azərbaycanın xalça sənətinin vətəni olduğunu və gənc nəslin bu sənətə maraq göstərməsi üçün ardıcıl tədbirlərin görülməsinin vacibliyini qeyd edib: "Biz haqlı olaraq fəxr edirik ki, bizim unikal sənətimiz xalçaçılıq sənəti bu gün var, yaşayır, yaşayacaq. Azərbaycan xalqının istedadını dünyaya təqdim etmək üçün hesab edirəm ki, xalça xüsusi yerə malikdir. Bütövlükdə Azərbaycanın tarixi abidələrin, irsimizin qorunması ilə bağlı müntəzəm olaraq işlər aparılır və bu işlər öz nəticəsini verməkdədir. Milli dəyərlər, bizim mədəniyyətimiz, incəsənətimiz bizim müstəqilliyimizin əsasıdır".

 

Sonra akademik Teymur Bünyadov, xalçaçılıq üzrə ekspert Məmmədhüseyn Hüseynov və muzeyin direktoru Röya Tağıyeva çıxış ediblər. Onlar Mehriban Əliyevanı ad günü münasibətilə təbrik ediblər.

 

Azərbaycan prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri Bakıdakı 23 nömrəli orta məktəbin yenidən tikilmiş binasının açılışında da iştirak ediblər. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva məktəbdə yaradılmış şəraitlə tanış olublar. Sonda məktəbin şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Müəllif | Apa.Tv
Apa.tv