“Soyuq müharibə” başlayır, NATO Ukrayna sərhədlərində baza yerləşdirəcəyini açıqladı!

“NATO Ukrayna münaqişəsi ilə əlaqədar yaxın zamanlarda Şərqi Avropada öz iştirakını genişləndirməyə hazırlaşır”. APA TV-nin məlumatına görə, bu bəyanatla NATO-nun baş katibi Anders Foq Rasmussen çıxış edib. Baş katib bildirib ki, həqiqətin gözünə dik baxmaq lazımdır: “Reallıq bundan ibarətdir – Rusiya NATO-nu tərəfdaş qismində görmür. Sentyabrda Uelsdə keçiriləcək sammitdə Avropanın şərqində NATO-nun yeni bazalarının yerləşdirilməsi barədə qərar qəbul etmək zəruridir. NATO həmçinin Ukrayna Silahlı Qüvvələrini modernizə etməklə Ukraynanın təhlükəsizliyini möhkəmləndirmək istiqamətində addımlar atacaq”. Anders Foq Rasmussenin bəyanatının tam mətni bu günlərdə açıqlanacaq. Xatırladaq ki, NATO baş katibi bundan əvvəl verdiyi bəyanatlarda Ukraynada yaşanan böhranı alyans tarixinin dönüş mərhələsi adlandırmışdı. Ukraynanın xarici işlər naziri Pavel Klimkin isə bəyan etmişdi ki, Ukrayna, Gürcüstan və Moldova NATO-ya üzv olmadan bu alyansın müttəfiqləri ola bilər.

Müəllif | Apa.Tv
Apa.tv