2 milyard dollara sahib terror təşkilatı - İŞİD!

Türkiyə vətəndaşlarının 70,7 faizi “İraq Şam İslam Dövləti”ni terror təşkilatı hesab edir. APA TV-nin məlumatına görə, “Metropol” araşdırmalar şirkəti bununla bağlı ölkənin bütün regionlarını əhatə edən sorğu keçirib. Sorğunun nəticələrinə görə, Türkiyə vətəndaşlarının 11,3 faizi İŞİD-i terror təşkilatı saymır. 18 faiz respondent isə bu suala cavab verməkdə çətinlik çəkib. Maraqlıdır ki, son seçkilərdə AKP-yə səs verənlərin 62,5 faizi, BDP-yə səs verənlərin isə 59 faizi İŞİD-i terror təşkilatı sayır. CHP və MHP kökənli repondentlərin 81 faizi hesab edir ki, İŞİD sırf terror təşkilatıdır. Respondentlərin 48,8 faizi İŞİD-in Türkiyədə terror aktları həyata keçirəcəyi qənaətindədir.

 

İŞİD həm də hazırda dünyanın ən varlı terror təşkilatıdır. Terrorçuların ümumilikdə 2 milyard dollarlıq sərvətə sahib olduğu bildirilir. Bazar günü Suriyanın Tabka hərbi hava limanını ələ keçirən İŞİD “MİQ-21 B” supersonik döyüş təyyarələrinə də yiyələnib. Bundan başqa terror təşkilatının “SA-16” raket sistemləri, “Stringer” sistemləri, “Hava-Hava” tipli raket sistemi, 30 “T-55” və “T-72” tankı, Amerika istehsalı olan vertolyotları, tank əleyhinə raket sistemləri, “Qrad” qurğuları və “Skat” raketləri var. İŞİD İraqda Səddam Hüseyn dövründən qalma kimyəvi silah istehsalı mərkəzini ələ keçirsə də, mütəxəssislər, bu mərkəzdə olan avadanlığın təhlükə kəsb etmədiyini bildirir.

Müəllif | Apa.Tv
Apa.tv