Makedoniya parlamentində dava: üç deputat yaralandı - VİDEO

Makedoniya parlamentində dövlət büdcəsinin müzakirəsi deputatlar arasında davaya səbəb olub. APA TV-nin məlumatına görə, büdcə layihəsində dövlət xərcləri üçün 3,2 milyard dollar nəzərdə tutulsa da, müxalifət bu xərclərin ən azı 264 milyon dollar azaldılmasını tələb edir. Sosial-Demokrat İttifaqının lideri Branko Çrvenkovski dövlət aparatının saxlanması üçün xərclərin şişirdildiyini deyərək xalqı üsyana çağırıb. Büdcə layihəsi müzakirəyə çıxarılan zaman iqtidar və müxalifət nümayəndələri bir-birinə yumruq atmağa başlayıblar. Dava zamanı üç deputat, o cümlədən bir qadın millət vəkili xəsarət alıb. Dava salan deputatlar və jurnalistlər zaldan çıxarılıb, daha sonra büdcə layihəsi 65-ə qarşı 4 səslə qəbul olunub. Layihədə dövlət xərcləri 4 milyon dollar azaldılıb.

Müəllif | Apa.Tv
Apa.tv