Bu il Azərbaycanın bütün ərazisi rəqəmsal telesiqnalla ilə təmin olunacaq

"İlin sonuna kimi Azərbaycan əhalisi 100 faiz rəqəmsal televiziya siqnalı ilə əhatələnəcək".

 

APA TV-nin xəbərinə görə, bu barədə jurnalistlərə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov məlumat verib. Onun sözlərinə görə, hazırda Azərbaycan üzrə rəqəmsal televiziya proqramlarına çıxış təxminən 95-96 faizdir: "Bizim məqsədimiz son vətəndaşımızın da müasir rəqəmli televiziyaya çıxışını təmin etməkdir. Bu da bizim proqrama əsasən ilin sonuna kimi həyata keçiriləcək. Əgər biz buna nail ola bilsək, onda Azərbaycan 2015-ci il yanvar ayının 1-dən artıq Avropada analoq efirlə vidalaşan 15-20 inkişaf etmiş ölkədən biri olacaq".

 

Ucqar kəndlərin yüksək sürətli internetlə təmin olunmasına gəlincə, nazir bildirib ki, hazırda bu istiqamətdə mütəmadi işlər aparılır: "Biz artıq bu yaxınlarda geniş zolaqlı internetin optika modeli üzrə qəbul olunan strategiyanın həyata keçirilməsinin əsas mərhələsinə başlayacağıq. Burada isə bütün kəndlərimiz sürətli internetə çıxış imkanı tapacaq. Həmçinin ucuz qiymətlərlə. Bunun həyata keçirmək üçün bütün proqramlar hazırdır".

 

Qeyd edək ki, bu gün Əli Abbasov Qubada bu rayondan, eləcə də Qusar və Xaçmazdan olan vətəndaşları qəbul edib. Qəbula gələn vətəndaşların müraciət və təklifləri əsasən, əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, rabitə, televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti, işlə təminat və digər məsələlərlə bağlı olub. Nazirliyin idarə rəislərinin, struktur rəhbərlərinin də iştirak etdikləri qəbulda nazir Əli Abbasov vətəndaşların təklifləri və qaldırdıqları məsələlərlə bağlı müvafiq göstərişlər verib. Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər isə aidiyyəti orqanlara çatdırılmaq üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.

 

Müəllif | Apa.Tv
Vəli Turan