Şəkidə eramızdan əvvəl 1-ci minilliyə aid əşyalar tapılıb

Şəkidə eramızdan əvvəl  1-ci minilliyin  ortalarına  aid maraqlı maddi-mədəniyyət və məişət nümunələri tapılıb. APA TV-nin xəbərinə görə, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Şəki-Qax-Oğuz arxeoloji ekspedisiyası tərəfindən Şəki rayonunun Fazıl kəndində qeydiyyata götürülən “Yoncalı” arxeoloji abidəsində artıq bir aya yaxındır ki, arxeoloji kəşfiyyat işləri davam etdirilir. Hazırda Yoncalı yaşayış ərazisinin 2-ci hissəsində qazıntı aparılır. Aparılan qazıntılar zamanı buradan e.ə. 1-ci minilliyin yarısına  aid Azərbaycan arxeologiyasında olduqca maraqlı səhifələrdən olan Kimmer-Skif-Sak dövrünə aid nekropol və qəbirlər aşkarlanıb. Tədqiqatlar nəticəsində həmçinin həmin dövrə aid xeyli sayda maddi mədəniyyət əşyaları aşkarlanıb. Arxeoloji qazıntılar zamanı həmçinin ilk dəfə qını misdən olan qılınc tapılıb. Bu nekropolda ilk dəfə olaraq tuncdan hazırlanmış 3 ədəd ox ucları, tunc, mis və qeyri-metaldan hazırlanmış qol, sinə və baş-bəzək əşyaları olub. Arxeoloqlar qazıntı zamanı ərazidə Skif və Sak dövrünə aid keramik materialdan hazırlanmış qablar da tapıblar.

 

Müəllif | Apa.Tv
Vüqar Heydərov