Əhməd Davudoğlu AKP sədri oldu

Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının yeni sədri Əhməd Davudoğlu olub. APA TV-nin məlumatına görə, partiyanın bu gün keçirilən qurultayında keçmiş sədr və yeni prezident seçilmiş Rəcəb Tayyib Ərdoğan tərəfdaşlarına vida edib. O, bu gündən etibarən partiyaya sədrliyi baş nazirliyə namizəd Əhməd Davudoğlunun edəcəyini deyib. Ərdoğan bu vəzifədə 13 il 13 gün müddətində qalıb.

 

Yeni seçilmiş prezident vida çıxışında tərəfdarlarının avqustun 10-da Türkiyə tarixində ilk dəfə ümumxalq səsverməsi yolu ilə prezident seçərək tarix yazdıqlarını deyib: "AKP hər zaman ilklərin partiyası olub. Bundan sonra sizdən fərqli rekordlar gözləyirik. Məsuliyyətiniz daha da artdı. 13 ildir, qürurla daşıdığım AKP-nin sədri vəzifəsini sizə təslim edirəm. Bu gün dəyişən sadəcə şəkildir. Özək dəyişmir. Missiyamız, hədəflərimiz dəyişmir. Sadəcə adlar dəyişir".
 

Xatırladaq ki, sabah Rəcəb Tayyib Ərdoğanın inauqurasiya mərasimi keçiriləcək və o rəsmən prezidentlik postuna yiyələnəcək. Həmçinin sabah yeni baş nazirin də öz vəzifəsinin icrasına başlayacağı gündür. Bu vəzifəyə isə AKP xarici işlər naziri Əhməd Davudoğlunun namizədliyi irəli sürüb.

 

Müəllif | Apa.Tv