İsmayıllıda meşə yanğını: 10 hektar ərazi yanıb

İsmayıllıda 10 hektar ərazidə meşə və kol-kos, quru ot yanıb. APA TV-nin yerli bürosunun xəbərinə görə, ötən gecə rayonun Daxar və Qaraqaya kəndlərindəki yüksək dağlıq sahədə yerləşən meşəlik ərazidə başlayan yanğın hələ də davam edir. Fövqəladə Hallar Nazirliyinin İsmayıllı rayon Dövlət Yanğından Mühafizə Hissəsindən APA TV-nin yerli bürosuna verilən məlumata görə, əraziyə yanğınsöndürən maşınların çıxarılması qeyri-mümkün olduğu üçün yanğının söndürülməsinə FHN-nin aviasiya dəstəsinin iki helikopteri və bir təyyarəsi cəlb olunub. Bundan əlavə, hadisə yerinə cəlb olunan İsmayıllı rayon Dövlət Yanğından Mühafizə Hissəsinin şəxsi heyəti və İsmayıllı rayon Meşələrin Mühafizəsi və Bərpası Müəssisəsinin kollektivi müxtəlif alətlərdən istifadə etməklə əl əməyi ilə yanğının qarşısını almağa çalışır. Hava isti və küləkli olduğu üçün yanğın qısa vaxtda böyük ərazini əhatə edib. İsmayıllı Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Talıstan meşəbəyiliyinin 2 saylı dolayının yüksək dağlıq sahəsində baş verən yanğın zamanı ümumilikdə 10 hektar ərazidə ağac, quru ot və kol-kos yanıb. lkin ehtimala görə, yanğın meşədə böyürtkən yığan kənd sakinlərinin odla ehtiyatsızlığı səbəbindən baş verib.  

     

Son məlumata görə hazırda yanğının genişlənməsinin qarşısı alınıb və hazırda yanğının tam söndürülməsi üzrə işlər davam etdirilir.

 

Müəllif | Apa.Tv
Elvin Yaqubov