Beynəlxalq Valyuta Fondunun rəhbərinə qarşı ağır cinayət ittihamı

Fransada "Tapi işi" adlandırılan çinayət işi çərçivəsində Beynəlxalq Valyuta Fondunun rəhbəri Kristin Laqartla bağlı yeni araşdırma başlayıb. O, maliyyə naziri vəzifəsində işləyərkən Fransa xəzinəsinə baha başa gələn cinayətkar səhlənkarlıqda ittiham olunur. Kristin Laqartın özü isə ittihamları əsassız hesab edir. Onun sözlərinə görə, vəkilindən əsassız qərara qarşı qanuni tədbirlər görməyi xahiş edib.

 

1993-cü ildə iş adamı Bernar Tapi "Adidas" şirkətini aralarında "Crédit Lyonnais" dövlət bankının da olduğu səhmdarlar qrupuna satıb. Cəmi 1 il sonra isə şirkətin səhmləri iki dəfədən çox baha qiymətə başqasına satılıb. İş adamı səhmdarları "Adidas"ın dəyərini süni şəkildə azaltmaqda günahlandırıb və ala bilmədiyi gəlirə görə təzminat tələb edib. Çəkişmə 15 il davam edib. Nəhayət, Kristin Laqart maliyyə naziri vəzifəsinə gəldikdən sonra işi arbitraja göndərib. Bir il sonra qəbul edilən qərar əsl qalmaqala səbəb olub. İş adamına dövlət xəzinəsindən faizlər də hesablanmaqla 400 milyon avrodan çox təzminat ödənilib. O vaxt müxalifətdə olan sosialistlər hakimiyyəti məhkəmə sisteminə təzyiq göstərməkdə ittiham edirdilər.

 

Müəllif | Apa.Tv