Yayılan xəstəliklə əlaqədar bir neçə rayonda mal bazarları bağlanıb

Son vaxtlar havaların isti və quraq keçməsi ilə əlaqədar olaraq Kür çayı kənarındakı bəzi rayonların, o cümlədən Ağdaşın kənd yaşayış məntəqələrində bəslənilən iribuynuzlu heyvanlar arasında qansovuran həşəratlar vasitəsilə yayılan qanparazitlər və digər yoluxucu xəstəliklər müşahidə olunur. APA TV-nin yerli bürosunun xəbərinə görə bu xəstəliklərin qarşısını almaq üçün Dövlət Baytarlıq Xidməti gücləndirilmiş iş rejiminə keçib.

 

Xidmətin mütəxəssisləri xəstəliklərin yayılması şübhəsi və təhlükəsi olan rayonlara, o cümlədən Ağdaşa ezam olunub. Profilaktiki dərmanlama tədbirlərinin aparılması məqsədilə hazırda Ağdaş rayonunun 5 kəndində iri buynuzlu heyvanlar dezinfeksiyaedici maddələrlə kütləvi şəkildə yuyulur. Bu məqsədlə rayona kifayət qədər müalicə dərmanları gətirilib. On gün ərzində rayonun bütün kəndlərində dezinfeksiya işləri aparılacaq.

 

Ağdaşdakı regional heyvan satışı bazarı isə bağlanıb, rayondakı ət kəsimi xüsusi nəzarətə götürülüb. Ağdaş rayonuna ezam olunan və kəndlərdə epizootik vəziyyətlə yerində tanış olan Kənd Təsərrüfatı Nazirliyi Yanında Dövlət Baytarlıq Xidmətinin rəis müavini Azər Süleymanovun sözlərinə görə Ağdaş rayonu ilə yanaşı, Cəlilabad, Biləsuvar, İmişli və Bərdə rayonlarında da mal-qara satışı bazarları müvəqqəti olaraq bağlanıb. Bundan əlavə, rayon sakinlərinə xəstəlik aşkar olunan iri buynuzlu heyvanlardan südlük və ətlik kimi istifadə qadağan edilib. Yoluxucu xəstəliklərin yayılmaması üçün rayonda heyvanların bir yerdən başqa yerə daşınması, onların satışı qadağan olunub. Rayon baytarlıq idarəsinin həkimləri Ağdaşdakı fərdi təsərrüfatlarda xəstəliklə bağlı tez-tez reyd keçirirlər.

 

Kənd sakinlərinin sözlərinə görə, heyvanlarda aşkar olunan xəstəliklərə vaxtında müdaxilə olunmasa, iribuynuzlu mal-qara arasında ölüm halları arta bilər. Sakinlər bildirir ki, həşərətlar vasitəsilə bu xəstəliklərə yoluxan heyvanlarda əvvəlcə qızdırma halları olur, sonra onların dərisində qoz və fındıq boyda şişlər əmələ gəlir, heyvanların iştahası zəifləyir, halsızlaşır və qidalanması kəsilir.

 

Qeyd edək ki, bu ilki yay mövsümündə Ağdaşda 44 baş iribuynuzlu heyvan müxtəlif xəstəliklər səbəbindən tələf olub.

   

 

Müəllif | Apa.Tv
Elvin Yaqubov