“Beşiktaş” Çempionlar Liqası ilə vidalaşdı

UEFA Çempionlar Liqasında play-off mərhələsinə yekun vurulub. APA TV-nin məlumatına görə, ötən gecəki oyunlardan sonra turnirin qrup mərhələsinin daha beş iştirakçısı məlum olub.

 

Türkiyənin "Beşiktaş" klubu Londonda "Arsenal"la qarşılaşıb. Bu komandalar arasında keçirilən ilk oyun qolsuz bitmişdi.

 

Cavab qarşılaşmasında hər iki komanda qol vurmağa can atırdı. İlk hissənin başa çatmasına bir neçə saniyə qalmış Aleksis Sançes "Arsenal"ı hesabda irəli çıxardı.

 

Komandalar ikinci hissəyə də qarşılıqlı hücumlarla başladı. 75-ci dəqiqədə "Arsenal" azlıqda qaldı. Matye Debyuşi qırmızı kartla meydandan qovuldu. Son 15 dəqiqəni 10 nəfərlə oynayan rəqib qarşısında topa daha çox sahib olan "Beşiktaş" qol vura bilmədi. Beləliklə, İstanbul klubu Çempionlar Liqasına vida etdi və mübarizəni Avropa Liqasında davam etdirəcək.

 

Müəllif | Apa.Tv