Tovuzda ağır qəza: “Kamaz”a çırpılan “Mitsubishi”nin sürücüsü öldü

Bakı-Qazax magistral yolunun Tovuz rayonu ərazisindən keçən hissəsində ağır yol qəzası baş verib. Baş Dövlət Yol Polisi İdarəsindən APA TV-nin Qərb bürosuna verilən məlumata görə hadisə avqustun 27-də, saat 23 radələrində magistral yolun 440-cı kilometrliyində, Tovuz rayonunun Aşağı Quşçu kəndi ərazisində baş verib.

 

“Kamaz” markalı yük avtomobili ilə “Mitsubishi” markalı minik maşıınının toqquşması nəticəsində “Mitsubishi”nin sürücüsü dünyasını dəyişib. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır. 

 

Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyi də məlumat yayıb. Nazirliyin saytında yerləşdirilən məlumatda deyilir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Tovuz rayonu ərazisində "Kamaz" markalı yük abtomobili və "Mitsubishi" markalı minik avtomobili toqquşub. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunublar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "Mitsubishi" markalı minik avtomobilinin sahibi aldığı ağır bədən xəsarətlərindən hadisə yerində dünyasını dəyişib. Yanğınsöndürən-xilasedicilər meyiti deformasiyaya uğramış minik avtomobilindən çıxararaq aidiyyətı üzrə təhvil veriblər.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli