Ukrayna ordusu separatçıların mövqelərinə dəqiq zərbələr endirib, çoxlu ölən var

Ukrayna Silahlı Qüvvələrinin birləşmələri Luqanskda separatçıların mövqelərinə dəqiq artilleriya zərbələri endiriblər. APA TV-nin məlumatına görə, bu barədə “Pravoye delo” ictimai təşəbbüs qrupunun lideri Dmitri Sneqiryev açıqlama verib. Onun sözlərinə görə, silahlıların cəmləşdiyi yerin koordinatlarını Ukrayna ordusuna kəşfiyyat qrupu çatdırıb. Silahlıların kurqan yaxınlığında toplaşdığını müəyyənləşdirən ordu birləşmələri əraziyə dəqiq artilleriya zərbələri endirib. Separatçıların çoxlu sayda texnika və canlı qüvvə itirdiyi bildirilir.

İlovaysk yaxınlığında isə separatçıların iki zirehli texnikası məhv edilib. Texnikanın Çeçenistanda dislokasiya olunmuş hərbi hissələrdən gətirildiyi bildirilir. Uzun müddətdən bəri aparılan əməliyyata rəğmən Ukrayna ordusu İlovaysk şəhəri üzərində nəzarəti təmin edə bilməyib. Şəhərin bir hissəsini ələ keçirən birləşmələr kömək gəlmədiyi üçün yenidən əvvəlki mövqelərinə qayıtmalı olublar. Bundan başqa separatçılar Donetsk vilayətində yerləşən Novoazovsk şəhərini də ələ keçiriblər. Bu şəhərdə dörd Ukrayna hərbçisinin əsir götürüldüyü bildirilir.

Müəllif | Apa.Tv
Apa.tv