Bakı şəhər Təhsil İdarəsinin müdiri işdən çıxarıldı - RƏSMİ AÇIQLAMA

Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyevanın işdən azad olunması ilə bağlı rəsmi açıqlama yayıb.

 

Nazirliyin mətbuat xidmətindən APA TV-yə verilən xəbərə görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva pensiya yaşının çatması ilə əlaqədar öz ərizəsinə əsasən tutduğu vəzifədən azad edilib.

 

Qeyd olunub ki, 1974-cü ildə Azərbaycan Dillər Universitetini ingilis dili müəllimi ixtisası üzrə bitirən Nailə Rzaquliyeva əmək fəaliyyətinə 23 nömrəli məktəbdə başlayıb. Burada ingilis dili müəllimi işləyən Nailə xanım bir müddət həmin təhsil müəssisəsinin direktoru vəzifəsində çalışıb. 2006-cı ildə Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri təyin olunan Nailə Rzaquliyeva ötən 8 il ərzində bu vəzifədə fəaliyyət göstərib.

 

Prezidentin sərəncamı ilə Azərbaycanın “Əməkdar müəllimi” fəxri adı ilə, təhsil nazirinin əmri ilə “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunub. İşlədiyi müddətdə təhsil ictimaiyyəti arasında dərin hörmət, yüksək nüfuz qazanıb.

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini icra edəcək şəxs artıq məlumdur.  Təhsil Nazirliyindən APA-ya bildirilib ki, yeni müdir təyin olunanadək bu vəzifə I müavin vəzifəsini icra edən Elnur Əliyevə həvalə olunub.

Müəllif | Apa.Tv
Apa.tv