Əmək müqavilələri sistemində dəyişiklik nəyə xidmət edir? - REPORTAJ

İşəgötürənlərin və işçilərin nəzərlərinə! Artıq əmək münasibətlərində yeni qaydalar tətbiq olunacaq. Həm də Əmək Məcəlləsinə edilən dəyişikliklər əsasında! Dəyişikliklər nədən ibarətdir. Məsələn artıq əmək münasibətləri əmək müqaviləsi bağlandıqdan sonra deyil, bağlanmış əmək müqaviləsi üzrə bildiriş elektron informasiya sistemində qeydiyyata düşdükdən sonra qüvvəyə minir. Əgər əmək müqaviləsi bağlanıbsa, lakin bildiriş elektron informasiya sisteminə daxil edilməyibsə, deməli hüquqi cəhətdən işçi sayılmırsınız. Bax belə. İşəgötürənlə əmək münasibətləriniz müqavilənin sistemdə qeydiyyata alındığı gün rəsmiləşmiş sayılır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sektor müdiri Tərlan Mürsəlovun sözlərinə görə, bu günə qədər üç minin üzərində işəgötürən öz işçiləri haqqında məlumatı artıq elektron informasiya sisteminə daxil edib: “Əvvəlki günlərdə bu rəqəm minə yaxın idisə, bu günlərdə hər gün sistemə 20 min işçi barədə məlumat daxil edilir. İşəgötürənlərin oktyabrın 1-dək vaxtı var, bu vaxt uzadılmayacaq. Sahibkarlara kifayət qədər məlumat verilib, sistem də çox rahat və sadə sistemdir. Sadəcə işəgötürənlər təşəbbüskar olmalıdır".

Yeni qaydaların məqsədlərindən biri işçi hüquqlarının təminatı məsələsində işəgötürənlərin məsuliyyətdən yayınma hallarının qarşısı almaqdır. Yeni sistemə əsasən, işəgötürənlər qanunvericiliyin tələblərinə daha ciddi şəkildə yanaşmağa məcbur qalacaq, işçilərin əmək hüquqlarının qorunması isə daha keyfiyyətlə həyata keçiriləcək. Bəs sahibkarlar bu dəyişiklikləri necə qiymətləndirir?

Sahibkar Anar Mustafayev yeni sistemi təqdir edir: "Bizim üçün çox sərfəli baza yaradılıb. Belə ki, artıq biz işçilərin məlumatları elektron sistemə daxil edilir. Bunun üçün yalnız işçinin şəxsiyyət vəsiqəsində olan pin kodu daxil etməklə sistemdə həmin işçi barədə bütün məlumatlarla tanış olmaq olar. Bu daişçi ilə müqavilə bağlayarkən vaxt itkisinə yol açmır".

Əvvəllər əmək müqavilələri rəsmiləşdirilərkən işəgötürən tərəfindən müəyyən neqativ addımlar atılırdı. Müəyyən problem yarananda işçinin əlində rəsmi sənəd olmadığına görə, o öz hüquqlarını tələb edə bilmirdi. Amma bu sistem qüvvəyə mindikdən sonra artıq işəgötürənlə işçi arasına bağlanmış əmək müqaviləsi sistemə daxil ediləcək. İşçi də istənilən vaxt elektron informasiya sisteminə daxil olmaq imkanına malik olacaq və bu məlumatı əldə edə biləcək. Əgər əmək müqaviləsinin hansısa maddəsi pozularsa, işçi sahibkarın üzərinə götürdüyü öhdəliklə bağlı məlumatı sistemdən çıxarıb göstərə biləcək və öhdəliklərin icrasını tələb edəcək.

Sahibkar Azad Məmmədovun sözlərinə görə, əmək müqaviləsini belə bir formada tətbiqi indiyə qədər olan nöqsanların hamısına son qoya bilər: “Çox gözəl bir formadır. Çünki bu üsul işçilərin qeydiyyatdan yayınmasının qarşısını alacaq. Sistem işin asanlaşdırılmasına xidmət edir. Vaxt itkisinə yol verilməyəcəyik".

Belə görünür ki, bu sistem əhalimizin əmək hüquqlarının müdafiəsinə kömək edən bir sistem olacaq. Yəni sistem ona hədəflənib ki, işçi öz əmək hüquqlarını müdafiə edə bilsin.

Müəllif | Apa.Tv
Apa.tv