Türkiyə səfiri: “Edvard Nalbandyanın Ərdoğanın andiçmə mərasiminə dəvət olunması...”

“Türkiyə prezidentinin andiçmə mərasimində iştirak edəcək dostlarımız və digər hər kəs görəcək ki, Türkiyənin dostluğu çox önəmlidir”. APA TV-nin məlumatına görə, bu sözləri Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkun deyib. Səfir Ermənistanın xarici işlər naziri Edvard Nalbadyanın da həmin mərasimə dəvət edilməsinə münasibət bildirib. Diplomat deyib ki, Nalbandyanın Türkiyə prezidentini qondarma “soyqırımı” tanımağa dəvət edəcəyi ilə bağlı xəbərlərə əhəmiyyət verməmək lazımdır.

“Bu ölkə ilə tarixi saxtalaşdırmaq şərti ilə lazımsız mübahisələrə getmək heç kəsə fayda gətirməyəcək. Amma gerçəklərlə üzləşərək Türkiyənin dostluğunu qazanmaq hər kəsə faydalı olacaq. Bununla bağlı spekulativ yazılar yazılır. Bu gün gerçəkləşəcək mərasim Rəcəb Tayyip Ərdoğanın prezidentlik səlahiyyətlərini icraya başlayacağı mərasimdir. Həmin şəxsin ki Azərbaycana gəldi və Milli Məclisdə Türkiyədə Azərbaycanın, onun mənafeyinin əleyhinə bir fəaliyyət olmayacağını bəyan etdi”.

Azərbaycanla münasibətlərə gəlincə səfir bildirib ki, Türkiyədə kimin baş nazir və ya prezident olmasından asılı olmayaraq Azərbaycana tam dəstək davam edir və qardaşlıqla bağlı mövzularda heç bir dəyişiklik ola bilməz.

“Türkiyə Azərbaycanla bu problemin sülh yolu ilə həlli, Azərbaycanın daha çox inkişaf etməsi, sağlam düşüncəli hər bir ölkənin bu irəliləyişlərdən yararlana bilməsi üçün birlikdə çalışmaya davam edəcəklər. Uzun illərdir, davam edən işğal vəziyyəti var. Biz birlikdə bütün dünyaya tarixi gerçəkləri anlatmağa davam edəcəyik, əksini iddia edənlərə qarşı qərarlı bir şəkildə hərəkət edəcək və hər dəfə dostluğumuzun qiymətini anladacağıq”.

Diplomatın sözlərinə görə, Rəcəb Tayyip Ərdoğanın gələn həftə prezident postunda ilk xarici səfərini Azərbaycana gerçəkləşdirməsi də münasibətlərin xarakterindən xəbər verir.

Müəllif | Apa.Tv
Apa.tv