Azərbaycan XİN: Kaliforniyada qəbul olunmuş sənəd kağız parçasıdır

“ABŞ-ın Kaliforniya Ştatında qəbul olunmuş sənədin heç bir hüquqi mahiyyəti yoxdur, kağız parçasından başqa bir şey deyil”.

 

APA TV-nin xəbərinə görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bu gün keçirdiyi brifinqdə deyib: "Kaliforniyadakı senatorlar erməni təbliğatının qurbanıdır. Onlar erməni icmasının maliyyə təsiri altındadırlar. Qəbul olunmuş sənədə 40 senatordan 17-i, o cümlədən Senat prezidenti də səs verməkdən imtina edib. Sənəd deklorativ xarakter daşıyır və heç bir təsiri yoxdur".

 

Qeyd edək ki, ABŞ-ın Kaliforniya ştatının senatı qondarma "Dağlıq Qarabağ Respublikası"nın müstəqilliyinin tanınması üçün ABŞ Konqresinə və prezidentinə müraciət ünvanlayıb. Erməni KİV-ləri isə bunu Kaliforniya ştatının "Dağlıq Qarabağ Respublikası"nın "müstəqilliyinin" "tanınması" kimi qələmə verib. Bununla bağlı Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu da bəyanatla çıxış edib. Bəyanda göstərilib ki, erməni lobbisindən seçki kampaniyaları üçün daim külli miqdarda maliyyə dəstəyi alan, beləliklə, onlardan tam asılı vəziyyətdə olan senatorlar lobbini razı salmaq üçün bu qətnaməyə səs veriblər: "Bu isə əsl siyasi korrupsiyadır. Bir fakt da qeyd edilməlidir ki, bu qətnamə Kaliforniya Qanunvericilik Orqanında Dağlıq Qarabağla bağlı qəbul edilmiş ilk qətnamə deyil. 1993, 1997 və 1999-cu illərdə də oxşar məzmunlu qətnamələr qəbul edilib".

 

XİN rəsmisi bəzi kütləvi informasiya vasitələrinin İran üzərində vurulan İsrailin pilotsuz təyyarəsinin guya Azərbaycan ərazisindən buraxıldığı barədə yaydığı məlumatı da şərh edib. Onun sözlərinə görə Azərbaycan üçüncü ölkələrin onun qonşuları ilə münasibətlərinə xələl gətirməsinə yol verməyəcək: "Bakı qonşu dövlətlərlə mehriban qonşuluq münasibətlərinin yaradılması zamanı məhz bu prinsipləri rəhbər tutur. Azərbaycanın qonşuları ilə münasibətlərini korlamaq məqsədi ilə yayılıb".

 

Elman Abdullyev İraqda yaşayan yezidi kürdlərinin Azərbaycanın işğal olunmuş ərazilərinə köçürülməsi məsələsindən də danışıb: "Bu addım Cenevrə Konvensiyasının pozulmasıdır. Ermənilərin bu addımı beynəlxalq hüquqa ziddir. Erməni tərəfi istənilən durumda münaqişənin həlli prosesinə xələl gətirməyə cəhd edir. Ermənilərin bu qanunsuz əməlləri dəfələrlə ATƏT-in Minsk Qrupunun hesabatlarında da öz əksini tapıb".

 

Bundan əlavə Elman Abdullayev 2011 -ci ilin 16 iyul tarixində  ABŞ- da yaşayan Azərbaycan vətəndaşı Evelina Vəlibəyovanın itkin düşməsi ilə bağlı hazırda yayılan xəbərlərə də münasibət bildirib: "Həmin şəxsin itkin düşməsi ilə bağlı Masaçutes ştatının Kuinzi polis bölməsində artıq çinayət işi açılıb. Evelina Vəlibəyova itkin düşmüş sayılır. Artıq bununla bağlı saxlanılan şəxs var ".

 

Rusiya vətəndaşı Anastasiya Kərimovanın qondarma "Dağlıq Qarabağ Respublikası"na səfər etməsinə də münasibət bildirən diplomat qeyd edib ki, həmsədr ölkələrin vətəndaşları tərəfindən bu addımların atılması anlaşılan deyil. Azərbaycan tərəfi ilə razılaşdırılmadan bölgəyə səfər edilibsə, bu təbii ki, qanunsuzdur".

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı