Səlim Müslümov əlillərə yeni mənzillərin açarlarını təqdim etdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Goranboy rayonunda inşa olunmuş 6 mərtəbəli 54 mənzilli yaşayış evi Azərbaycanın ərazi bütövlüyü və Konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş vətəndaşların və şəhid ailələrinin istifadəsinə verilib. APA TV-nin xəbərinə görə, mənzillərin təqdim olunması mərasimində iştirak edən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov yeni mənzillərlə təmin olunan əlil və şəhid ailələrini bu münasibətlə təbrik edib.

 

Nazir bildirib ki, hazırda verilən mənzillər də daxil olmaqla bu il artıq 172 mənzil təqdim olunub. O qeyd edib ki, bu ilin sonuna kimi Tərtər, Beyləqan və İmişli rayonlarının hər birində 6 mərtəbəli 54 mənzilli, Şamaxı rayonunda isə 4 mərtəbəli 36 mənzilli yaşayış evlərinin, ümumilikdə 198 mənzilin istifadəyə verilməsi planlaşdırılır.

 

Bununla yanaşı, prezidentin 20 iyun 2014-cü il tarixli Sərəncamına əsasən, 2014-cü ilin 1 yanvarınadək mənzil növbəsinə götürülmüş əlil və şəhid ailələrinin 2014-2018-ci illərdə mərhələli şəkildə mənzillərlə, o cümlədən kənd rayonlarında fərdi evlərlə təmin olunması nəzərdə tutulur.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli