Rəcəb Tayyip Ərdoğan and içdi - İNAUQURASİYA

Türkiyə Böyük Millət Məclisində prezident Rəcəb Tayyip Ərdoğanın andiçmə mərasimi keçirilib. APA Tv-nin məlumatına görə, parlamentin binasına xanımı Əminə Ərdoğanla daxil olan yeni prezidenti protokol qaydasına uyğun olaraq Məclisin sədri Cəmil Çiçək qarşılayıb. Bu cür andiçmə mərasimi Türkiyə tarixində ilk dəfədir keçirilir.

Türkiyə parlamentinin növbədənkənar iclasına millət vəkilləri ilə yanaşı, Ərdoğan ailəsinin 30-a yaxın üzvü, o cümlədən xarici ölkələrin hökumət və dövlət başçıları, xarici işlər nazirləri qatılıblar. Azərbaycanı mərasimdə baş nazir Artur Rasizadə, Ermənistanı isə xarici işlər naziri Edvard Nalbadyan təmsil edir.

Andiçmə mərasimindən qabaq bir qrup müxalif millət vəkili iclas zalını tərk ediblər. Daha sonra TBMM sədri Cəmil Çiçək Ali Seçki Komissiyasının təqdim etdiyi səsvermənin nəticələri barədə protokolu zala daxil olan Rəcəb Tayyip Ərdoğana təqdim edib. Daha sonra kürsüyə çıxan Ərdoğan and içib.

Mərasimin ardından Türkiyə dövlət himni səslənib. Daha sonra Ərdoğan iclas zalını tərk edib. Qeyd edək ki, Türkiyə tarixində ilk dəfə ölkə başçısı ümumxalq səsverməsi yolu ilə seçilib. Rəcəb Tayyip Ərdoğan Türkiyə Cümhuriyyətinin 12-ci prezidentidir.

Müəllif | Apa.Tv
Apa.tv