Qarabağ əlillərinə sosial müdafiə pasportu veriləcək

"Qarabağ müharibəsi əlillərinin sosial müdafiə problemlərini nəzarətdə saxlamaq üçün onların hər birinə və ailə üzvlərinə sosial müdafiə pasportu veriləcək".

 

APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Goranboy rayonunda jurnalistlərə müsahibəsində bildirib. Onun sözlərinə görə, hazırda Azərbaycanda 12 min nəfərədək Qarabağ müharibəsində sağlamlığını müəyyən qədər itirmiş şəxs yaşayır: "Hazırda bu proses yekunlaşmaq üzrədir. Yəni o pasportda Qarabağ müharibəsi əlilinin bütün göstəriciləri öz əksini tapacaq. Ailəsində neçə şəxs var, neçənci ildə doğulublar, kimlər işləyir, nə qədər müavinət və nə qədər sosial yardım alırlar, indiyə kimi hansı müalicələr alıb, bundan sonra hansı müalicələrə ehtiyacı var və bütün sosial məsələlər öz əksini o pasportda tapacaq".

 

Nazirin sözlərinə görə, hər bir müraciət edən Qarabağ müharibəsi əlilinin dərhal həmin həm elektron, həm də kağız üzərində olan pasportu götürüləcək, həm nazir, həm nazir müavini, həm də inspektorlar əlil haqqında məlumatlar ala biləcəklər. Əlillərə veriləcək pasportla onların ailəsinin sosial vəziyyəti nəzarətdə olacaq ki, Qarabağ müharibəsi əlilinin ailəsin hər üzvünə düşən vəsaitin aylıq məbləğ 100 manatdan aşağı olmasın.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli