Prezident İlham Əliyev Beyləqana səfər edib

Prezidenti İlham Əliyev avqustun 28-də Hacıqabul-Bəhrəmtəpə yolunun Şirvan şəhərindən keçən hissəsində - Kür çayı üzərində inşa olunan avtomobil körpüsünün açılışında iştirak edib. Nəqliyyat naziri Ziya Məmmədov prezident İlham Əliyevə məlumat verib ki, körpünün uzunluğu 317 metr, eni isə 15 metrə yaxındır. Daha sonra dövlət başçısı Hacıqabul-Bəhrəmtəpə avtomobil yolunun Bulaqlı-Bəhrəmtəpə hissəsinin açılışında iştirak edib. İkinci texniki dərəcəli yolun uzunluğu 72 kilometr, eni 5 metrdir. Tikintinin gedişində layihə üzrə yol üzərində 8 yeni körpü tikilib, 109-u yolda, 63-ü yanaşma yollarda olmaqla 172 suötürücü boru qoyulub və digər infrastruktur işləri görülüb.

 

Prezident İlham Əliyev Beyləqana gedib. Dövlət başçısı Heydər Əliyev Parkında ümummilli Liderin abidəsini ziyarət edib. Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev bildirib ki, əsaslı şəkildə yenidən qurulan Heydər Əliyev Parkında rayon sakinləri, eləcə də qonaqların istirahəti üçün hər cür şərait yaradılıb.

 

Prezidenti İlham Əliyev Beyləqanda Gənclər Mərkəzinin açılışında da iştirak edib. Binanın foyesində Heydər Əliyevin Beyləqana səfərlərini əks etdirən fotolardan ibarət guşə yaradılıb, prezident İlham Əliyevin rayona səfərlərini və gənclərlə görüşlərini əks etdirən fotolardan ibarət stend var. Şahmat məktəbinin açılışında da iştirak edən prezident İlham Əliyev Beyləqanda əsaslı təmir və yenidənqurmadan sonra Mərkəzi Şəhər Stadionunda yaradılmış şəraitlə tanış olub. Prezident İlham Əliyev Beyləqanda Birinci Şahsevən-Əhmədli-Dünyamalılar kəndlərini birləşdirən avtomobil yolunun istifadəyə verilməsi mərasimində iştirak edib.

Müəllif | Apa.Tv
Apa.tv