“Galatasaray”ın rəqibləri məlum oldu - “Arsenal”, “Borussiya”, “Anderlext”!

Monakoda UEFA Çempionlar Liqasının qrup mərhələsinin püşkatma mərasimi keçirilib. APA TV-nin məlumatına görə, püşkatma nəticəsində Türkiyənin “Galatasaray” klubunun rəqibləri məlum olub. “Galatasaray” “D” qrupunda mərhələ adlamaq üçün İngiltərənin “Arsenal”, Almaniyanın “Borussiya” və Belçikanın “Anderlext” klubları ilə mübarizə aparacaq. Arda Turanın şərəfini qoruduğu Madridin “Atletiko” klubu “A” qrupunda “Juventus”, “Olimpiakos” və “Malmö” ilə mübarizə aparacaq. “B” qrupunda isə Madridin “Real” klubunun rəqibləri “Liverpul”, “Bazel” və “Ludoqorets” olacaq. “C” qrupunda da faktiki lider yoxdur. Bu qrupda növbəti mərhələyə çıxışı təmin edən iki vəsiqə uğrunda “Benfika”, “Zenit”, “Bayer” və “Monako” mübarizə aparacaq. “E” qrupunda da komandaları çətin mübarizə gözləyir. Qrupun faktiki lideri olan “Bavariya”nı “Mançester Sity”, “ÇSKA” və “Roma” ilə çətin oyunlar gözləyir. Çempionlar Liqasının aşkar favoritlərindən “Barselona” “PSJ”, “Ayaks” və “Hapoel”lə bir qrupa düşüb. Hər mövsümün çətin rəqiblərindən “Çelsi”nin qrup oyunlarını birinci tamamlayacağı şübhəsizdir. İngilislər “Şalke”, “Sportinq” və “Maribor”la oyunlarda aşkar favoritdirlər. Çempionlar Liqasının sürpriz komandası olan BATE “H” qrupunda mübarizə aparacaq. Belarusların rəqibləri “Porto”, “Şaxtyor” və Bilbaonun “Atletik” klublarıdır.

Qruplarda ilk iki yeri tutan komanda növbəti mərhələyə vəsiqə qazanacaq, üçüncü yerin sahibi isə mübarizəni Avropa Liqasında davam etdirəcək.

Müəllif | Apa.Tv
Apa.tv