Bakı-Şamaxı yolunda ağır qəza: 80 yaşlı sürücü öldü

Bakı-Şamaxı yolunda bir nəfərin ölümü, bir nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 12:00 radələrində yolun 69-cu kilometrliyində, Qobustan rayonu ərazisində qeydə alınıb. Şəki sakini, 1934-cü il təvəllüdlü Tahir Əsgərovun idarə etdiyi “VAZ 2101” markalı minik maşın qarşı tərəfdən gələn Zaqatala sakini, 1950-ci il təvəllüdlü Nəcməddin Hacıyevə məxsus “Nissan X-Trail” markalı maşınla toqquşub.

Hadisə nəticəsində 80 yaşlı Tahir Əsgərov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib, digər avtomobilin sürücüsü Nəcməddin Hacıyev isə ağır yaralanıb. Hadisə yerinə cəlb olunan FHN-nin Qobustan Dövlət Yanğından Mühafizə Hissəsinin xilasediciləri xüsusi kəsici alətlərdən istifadə edərək maşınlarda sıxılmış vəziyyətdə qalan ölən və yaralı şəxsi çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Yaralı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qobustan Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Yaralıya yardım göstərildikdən sonra ixtisaslaşmış yardım göstərilməsi üçün Bakı Şəhərini mərkəzi klinikalarından birinə göndərilib".

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Elvin Yaqubov