Nazir: "Artıq bölgələrdə protez-ortopedik məmulatlara ehtiyacı olan əlillər Bakıya gəlməyəcək"

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Gədəbəydə qəbul keçirib. APA TV-nin xəbərinə görə, görüşdə vətəndaşların qaldırdığı məsələlərin böyük bir qismi avtomobillə təmin olunma məsələləri olub. Nazir deyib ki, bunlar 2014-cü ilin 1 yanvarından sonra növbəyə duran şəxslərdir: "Biz onlara qanunvericiliyi izah etdik və artıq 1404 nəfər Qarabağ müharibəsi əlili, Böyük vətən müharibəsi əlili və bu kateqoriyadan olan şəxslərə avtomobil verildiyini, cənab prezidentin sərəncamının tam yerinə yetirildiyini bildirdik".

 

Rayonun Əhalinin sosial müdafiəsi mərkəzinin inzibati binasında keçirilən qəbulda Gədəbəy, Şəmkir, Tovuz, Qazax, Ağstafa rayonlarının sakinləri iştirak edib. Nazir Səlim Müslümova edilən müraciətlər imtiyazlı şəxslərin reabilitasiya vasitələri və sanator-kurort yollayışları, protez-ortopedik məmulatlarla təmin olunması, dövlət hesabına mənzil və minik avtomobili almaq üçün növbəyə dayanma, əmək hüquqlarının və məşğulluğun təminatı və s. məsələləri əhatə edib. Qəbul zamanı bir sıra məsələlər yerindəcə həll olunub, həmçinin ayrı-ayrı vətəndaşların müraciətlərinin araşdırılaraq aidiyyəti üzrə sosial təminat növlərindən yararlanmaq hüquqlarının müəyyən edilməsi üçün göstərişlər verilib.

 

Səlim Müslümov respublikanın bölgələrində yaşayan və protez-ortopedik məmulatlara ehtiyac duyan əlilliyi olan şəxslərin bununla əlaqədar artıq Bakıya gəlməsinə ehtiyac olmadığını qeyd edib. Onun sözlərinə görə, ötən ilin sonlarından nazirlikdə müvafiq əmr əsasında yaradılan səyyar tibbi-texniki briqadalar respublikanın regionlarında yaşayan, dayaq-hərəkət sistemi pozulmuş əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara səyyar formada protez-ortopedik bərpa xidməti göstərir.

Müəllif | Apa.Tv
Azər Məmmədli