Lənkəranda fövqəladə hallarda FHN-nin qurumlarının fəaliyyətinə dair təlim keçirilib

Fövqəladə Hallar Nazirliyi Lənkəranda  “Fövqəladə hallar zamanı nazirliyin qurumlarının qarşılıqlı fəaliyyətinin təşkili” mövzusunda taktiki xüsusi təlim keçirib. APA TV-nin Cənub bürosunun məlumatına görə, təlimin keçirilməsində məqsəd fövqəladə hallar zamanı əməliyyat və qarşılıqlı fəaliyyət planlarının reallığının yoxlanılması, komandir-rəis heyətinin fövqəladə hadisələr zamanı idarəetmə və qarşılıqlı fəaliyyətin təşkili sahələrində peşəkarlıqlarının daha da artırılması, eləcə də fövqəladə hadisələr zamanı yanğın söndürmə və xilasetmə bölmələrinin şəxsi heyəti qarşısında qoyulan tapşırıqların birgə fəaliyyətlə yerinə yetirilməsi sahəsində əməli vərdişlərin aşılanmasından ibarət olub.

 

Təlimə FHN qurumlarının struktur bölmələri və cənub bölgəsində yerləşən rayonların ərazi xilasetmə qüvvələri cəlb olunub. Məlumat verilib ki, 29 avqust 2014-cü il tarixində saat 9.00-da episentri Xəzər dənizində olmaqla, Lənkəran şəhərindən 30 km cənub-şərqdə 6,8 bal gücündə zəlzələ baş verib. Zəlzələnin gücü Lənkəran şəhərində 6,5, Astarada, 6, Masallıda6, Lerikdə 5,2, Yardımlıda isə 4,5 bal olub. Köhnə tikililər qismən dağıntılara məruz qalıb, bina və və sənaye obyektlərində yanğınlar baş verib, kommunikasiya xətləri sıradan çıxıb. İlk mərhələdə quruda və havada kəşfiyyat qurupları hadisə yerinə baxış keçirilib, zəlzələnin fəsadları  müəyyənləşdirilib. Daha sonra yanğından xilasetmə, suda xilasetmə və helikopterdən hadisə yerinə enmiş xüsusi təlim keçən itlə birgə desant qrupları yanğının söndürulməsi, hadisə zamanı xəsarət alan fəhlələrin təxiyyə və xilas olunması ilə bağlı təlimlər nümayiş etdirib. Qəza xilasetmə işləri aparılan zaman 15 nəfər xilas edilib, 60 nəfər təhlükəli ərazidən təxiyyə olunub, baş verən yanğınlar lokallaşdırılıb, kombinatda kimyəvi qəza və nəqliyyat qəzalarının nəticələri aradan qaldırılıb. Təlimi fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev də izləyib. Təlimin sonunda Etibar Mirzəyev meşə yanğınlarının söndürülməsində fəallıq göstərən şəxslərə FHN-nin rəhbərliyi adından xatirə hədiyyələri təqdim edib.

Müəllif | Apa.Tv