Qubanın ağ palmeti... - REPORTAJ

Qubada rayonun simvolu hesab edilən almanın yığımına başlanılıb. Proses kütləvi hal almasa da, artıq bir sıra alma növləri satışa da çıxarılıb. Piştaxtalarda almanın “Canatan”, “Semerinka” və “Ağ palmet” sortlarının 1 kiloqramı müştərilərə 40-80 qəpiyə təklif olunur. Bu isə ötən illə müqayisədə 15-20 qəpik artıqdır. Fermerləri sevindirən digər məqam isə Rusiya bazarının açıq olmasıdır. Ancaq məhsul yığımı zamanı üzücü məqamlar da ortaya çıxıb. Quraqlıq səbəbindən məhsuldarlıq bir qədər aşağı düşüb. Bəzi bağ sahibləri quraqlıq olacağını əvvəlcədən proqnozlaşdırdıqlarını deyirlər. Hazırda təsərrüfatları suvarmaqsa çətinlik çəkən fermerləri məhsulun satışından daha çox, bağlarının gələcək taleyi maraqlandırır.

 

“Bu il bağların vəziyyəti çox pisdir. Haqsızlıq baş alıb gedir. Mənim bağımı axırıncı dəfə iyulun 30-da su ilə təmin ediblər. Bu isə bu ilki məhsuldarlığa və bağların gələcək 2-3 illik məhsuldarlığına mənfi təsir edib”.

 

 “Meyvəmiz çox xırdadır. Çünki su qıtdır. Çünki suçular suya nəzarət etmir. Ancaq öz qohum qardaşının, ata-anasının bağını sulayırlar. 3 ay bundan qabaq bağımı 2 dəfə sulamışam. Müştəri gəlib baxıb, çıxıb gedib. Deyir, bu alma tökülür”.

 

APA TV-nin xəbərinə görə, kənd təsərrüfatı mütəxəssisləri bu il Quba almasının bol olduğunu bildirir. Amma suvarma suyunun verilməsindəki problemlər meyvənin keyfiyyətinə birbaşa təsir göstərib. Bundan başqa  Rusiyanın bəzi Avropa ölkələrindən gətirilən məhsullara qadağa qoymasının Azərbaycandan idxal olunan meyvə və tərəvəzlərin qiymətinə də təsirsiz ötüşməyəcəyini bildirilir.

 

Qubada kütləvi alma yığımına isə sentyabrın 10-dan start veriləcək. Proses oktyabr ayının sonlarında başa çatacaq. 

Müəllif | Apa.Tv
Vəli Turan