Türkiyə səfiri: "Şanlı Türk tarixinin istənilən dövrünü incələməyə hazırıq"

Türkiyənin Azərbaycandakı səfiri Alper Coşqun Türkiyədə yeni hökumətinin tərkibi ilə bağlı açıqlama verib. APA TV-nin xəbərinə görə,  Səfir deyib ki, yeni hökumət Türkiyə və Azərbaycan arasında mükəmməl münasibətlərin davam edəcəyinin təminatıdır. Həm Türkiyə prezidenti səlahiyyətlərinin icrasına başlayan Rəcəb Tayyib Ərdoğan baş nazir, həm də baş nazir Əhməd Davudoğlu xarici işlər naziri olduğu dönəmlərdə Azərbaycana münasibətləri bəlli olub. Onun sözlərinə görə, xarici işlər naziri təyin edilən Mövlud Çavuşoğlu, ümumiyyətlə, Türkiyə hökumətinin bütün üzvləri Azərbaycanı ürəkdən sevən, qardaşlığımızı ruhlarında hiss edən, Türkiyə ilə Azərbaycanın gələcəyinə bu müstəvidən baxan dövlət xadimləridir: “Türkiyə ilə Azərbaycan arasında mövcud olan mükəmməl münasibətlərin Türkiyədə qan dəyişimindən sonra daha da inkişaf edəcəyinə tam əminəm. Gələn həftə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bir neçə nazirlə Azərbaycana səfər edəcək. Bu, təsadüfi deyil. Zamanında  prezident İlham Əliyevin ilk xarici səfəri Türkiyəyə etdiyi kimi prezidentimiz Rəcəb Tayyib Ərdoğanın da ilk xarici səfəri məhz Azərbaycana olacaq. Bu, yeni dövrdə iki ölkə arasında münasibətlərin necə olacağına bir sübutdur. Biz indiyə qədər əl-ələ addımlayaraq irəliləyirdiksə, qarşıdakı dönəmdə eyni hədəfə doğru daha sürətlə, qaçaraq irəliləyəcəyik.  Azərbaycanla birlikdə İnkişafımızı davam etdirməyə, xalqlarımızın rifahını yüksəltməyə, bölgənin inkişafına müsbət təsir göstərməyə, Vətənimizi ən güclü şəkildə  müdafiə etməyə davam edəcəyik. Türkiyə və Azərbaycanın qardaşlığı ilə bərabər formalaşdırdıqları bu dostluğunun qiymətini hər kəs bilməlidir, Türkiyə və Azərbaycanla dost olmağa çalışmalıdır. Hər kəs həm Türkiyəyə, həm də Azərbaycana düşmənçilikdə yanaşmağın hər hansı faydası olmadığını görməlidir".

 

Alper Coşkun Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın andiçmə mərasimindən sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı İrəvana qondarma “erməni soyqırımı” iddialarının 100 illiyi mərasiminə dəvət etməsinə də münasibət bildirib.

Səfir deyib ki, Türkiyənin birtərəfli iddialara yanaşması məlumdur: Tarixin hər hansı bir dövrü araşdırılsa, Türkiyə özünə tam güvənir. "Biz şanlı Türk tarixinin istənilən dövrünü araşdırmağa hazırıq" deyə o bildirib.

Qeyd edək, Türkiyənin Azərbaycandakı səfirliyində 30 avqust - Zəfər Bayramına həsr olunmuş tədbir keçirilib.

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı