Prezident Administrasiyası rəhbərinin yanında müşavirə keçirilib

Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin yanında dövlət orqanlarının informasiyanın verilməsinə məsul struktur bölmələrinin və kütləvi informasiya vasitələri rəhbərlərinin müşavirəsi keçirilib. Müşavirədə çıxış edən Ramiz Mehdiyev deyib ki, toplantının əsas məqsədi Azərbaycanın informasiya təhlükəsizliyi ilə bağlı bir sıra aktual məsələləri müzakirə etmək və mövzu ətrafında fikir mübadiləsi aparmaqdır. 

 

Prezident Administrasiyasının rəhbəri deyib ki, Azərbaycanın müasir inkişafı, güclü və yüksək beynəlxalq nüfuza malik dövlətə çevrilməsi, regionda aparıcı rolu, qlobal siyasətdə, beynəlxalq təşkilatlar çərçivəsində nümayiş etdirdiyi fəallıq müəyyən xarici qüvvələri, xüsusilə də Ermənistanı, erməni lobbisini və onun maraqlarını təmsil edən ayrı-ayrı dairələri ciddi narahat edir. Azərbaycanın mövcud tolerant mühitindən, ölkədəki demokratik ab-havadan, hakimiyyətin humanist siyasətindən sui-istifadə edən bu dairələr və bəzi daxili qruplar cəmiyyəti çaşdırmaq, ictimai-siyasi sabitliyi pozmaq, ölkəmizin əldə etdiyi mühüm uğurları ləkələmək üçün ciddi səy göstərir. O qeyd edib ki, müxtəlif xarici anti-Azərbaycan dairələrin və onların nəzarətində olan daxili qrupların təxribatçı fəaliyyəti heç zaman hakimiyyəti öz iradəsindən, müstəqil siyasətindən çəkindirməyəcək, cəmiyyəti müəyyən olunmuş inkişaf yolundan, strateji seçimindən geri döndərməyə nail olmayacaq. Bundan sonra da Azərbaycanın milli maraqlarına və qanunvericiliyinə zidd fəaliyyətə görə müvafiq ölçü götürüləcək.

 

Ramiz Mehdiyev bildirib ki, avqustun əvvəlində Ermənistan-Azərbaycan dövlət sərhədində və qoşunların təmas xəttində müşahidə olunan gərginlik bəzi KİV-lərin, xüsusilə internet resurslarının qanunvericiliyin tələblərinə zidd və qeyri-peşəkar fəaliyyətini, habelə aidiyyəti dövlət orqanlarının informasiyanın verilməsinə məsul olan struktur bölmələrinin öz funksiyalarını lazımi qaydada yerinə yetirə bilməməsini açıq nümayiş etdirib.

 

 

Ramiz Mehdiyev cəbhə xəttində vəziyyət barədə yanlış məlumatlar, hərbi hissələrimizin dislokasiyası və hərəkəti, həlak olmuş hərbçilərin sayının süni şəkildə şişirdilməsi və bu mövzuda müxtəlif spekulyativ informasiyaların yayılması, cəbhə bölgəsində yaşayan əhali və ölkə ictimaiyyəti arasında çaşqınlıq yaratmaq cəhdləri, düşmənin maraqlarına xidmət edən məlumatların sızdırılması və s. barədə konkret faktlar göstərib. O xəbərdarlıq edib ki, dövlətin hərbi, xarici-siyasi, iqtisadi, kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyəti ilə bağlı, dövlət tərəfindən mühafizə edilən və yayılması Azərbaycanın təhlükəsizliyinə ziyan vura bilən məlumatlar dövlət sirri kateqoriyasına şamil edilir və onların ictimailəşdirilməsi qanuna müvafiq məsuliyyət yaradır. Formasından və məzmunundan asılı olmayaraq Azərbaycanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və Konstitusiya quruluşu əleyhinə istənilən qəsdə və ya qəsd cəhdlərinə, o cümlədən cəmiyyətin informasiya təhlükəsizliyini və milli maraqlarını təhdid edən hallara qarşı hüquqi çərçivədə zəruri addımlar atılmalıdır və xəbərdarlıq edirəm ki, bundan sonra da atılacaq.

 

 

Prezident Administrasiyasının rəhbəri dövlət orqanlarının informasiyanın verilməsinə məsul struktur bölmələrinin rəhbərlərinə də müvafiq tapşırıq və tövsiyələrini verib.

Müəllif | Apa.Tv
Apa.tv