Müdafiə naziri bölük komandiri müavinlərinin təkmilləşdirmə kursunun ilk məzunları ilə görüşüb

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində şəxsi heyətlə iş üzrə bölük komandiri müavinlərinin təkmilləşdirmə kursunun ilk məzunları ilə görüşüb. APA TV-nin xəbərinə görə, Zakir Həsənov deyib ki, hər bir əsgər, zabit, döyüşçü vətənpərvərlik hissini, Ali Baş Komandana,Vətənimizə, torpağımıza, xalqımıza sədaqət hissini hər şeydən üstün tutmalıdır. Şəxsi heyətin təlim-tərbiyəsinə cavabdehlik daşıyan komandir və zabitlərin üzərinə böyük məsuliyyət düşür. Orduda önəm verilən əsas şərt gənc döyüşçülərin milli-mənəvi dəyərlərimiz ruhunda tərbiyə edilməsidir. Müdafiə nazirinə görə, əsgər heyəti ilə aparılan təlim-tərbiyə prosesində ən müasir üsullardan istifadə edilməlidir.

 

"Şəxsi heyətin döyüş ruhunu artırmaq üçün bölüklər səviyyəsində bu vacib işə cavabdehlik daşıyan zabitlərin fərdi hazırlığına ciddi fikir verilməlidir. Şəxsi igidlik nümunələri göstərən hərbi qulluqçular hamıya örnəkdir. Məsələn, bu yaxınlarda cəbhənin müxtəlif istiqamətlərində düşmənin təxribat xarakterli cəhdlərinin qarşısının alınmasında bəzi hərbi qulluqçularımız xüsusilə fərqlənmişdilər" deyə nazir bildirib.

 

Müəllif | Apa.Tv