Dünyanın 5-ci ölkəsində "Ebola" virusu

"Ebola" virusu Qərbi Afrikanın beşinci ölkəsinə yayılıb.  APA TV-nin Qərb mətbuatına istinadən verdiyi xəbərə görə, Qərbi Afrikada yerləşən Seneqal virus epidemiyasının geniş yayıldığı Qvineya ilə sərhədlərini bağlayandan sonra ölkədə bir nəfərin "Ebola" virusuna yoluxması faktı aşkar edilib. Ölkənin səhiyyə naziri Ava Mari Kol Sek bildirib ki, 21 yaşlı Qvineya vətəndaşı olan əcnəbi tələbədə "Ebola" virusu aşkar edilib. O, təcili olaraq Dakardakı Fan hospitalına yerləşdirilib.

 

Eyni zamanda Qərbi Afrikada "Ebola" virusunu araşdıran 50-dən çox elm adamından artıq 5 nəfəri sözü gedən virusa yoluxaraq ölüblər. 

 

Bu arada Konqo Demokratik Xalq Respublikasında senat üzvlərinə yollanan fərmanda "Ebola" virusunun yayılmasına mane olmaq məqsədilə əl verib görüşməkdən imtina edilməsi tələb olunub.

 

Dünya Səhiyyə Təşkilatının məlumatna görə, "Ebola" virusuna yoluxanların sayı 3069 nəfərə çatıb, 1500-dən çox insan isə dünyasını dəyişib. Virusdan ölüm göstəricisi 90 faiz təşkil edir.

 

Bu arada ABŞ-da "Ebola" virusuna qarşı vaksinin insanlar üzərində ilk sınaqların ilk mərhələdə iki həftədən sonra keçirməyə başlanacağı barədə məlumatlar yayılıb. Əvvəllər sınaqların ilin sonunda başlanması nəzərdə tutulurdu, lakin infeksiya ətrafında yaranmış kəskin vəziyyətlə əlaqədar, sınaqları sürətləndirmək qərara alınıb.

 

Müəllif | Apa.Tv