Almaniya İraq kürdlərini silahlandıracaq

Almaniya İŞİD-lə mübarizə məqsədilə İraq kürd regional hökumətinə silah yardımı edəcək. Bu barədə məlumatı Almaniyanın müdafiə naziri Ursula von der Leyen və xarici işlər naziri Frank-Valter Ştaynmayer keçirdikləri birgə mətbuat konfransında veriblər.

 

Müdafiə naziri deyib ki, Almaniya İraqın şimalına bu günədək 50 milyon avroluq humanitar yardım göstərib. Lakin problemin humanitar yardımlarla həll olunmayacağını bəyan edən nazir deyib ki, hökumət içərisində və müttəfiqlərlə aparılan məsləhətləşmələrdən sonra İraq kürdlərinə silah yardımı göstərmək barədə qərar qəbul edilib.

 

Ursula von der Leyen bildirib ki, İraqın şimalına hərbi yardımlar mərhələli şəkildə göndəriləcək. İlkin mərhələdə 4 min nəfərlik peşmərgə dəstələrinin ehtiyaclarını ödəyəcək qədər silah və sursat İraqa çatdlrlacaq.

 

Xarici işlər naziri Frank-Valter Ştaynmayer isə deyib ki, İŞİD təkcə İraqın şimalı üçün yox, bütövlükdə bölgə üçün həyati təhlükədir.

 

Hökumətin qərarı bu gün Federal Məclisdə müzakirə ediləcək. Lakin bu müzakirə formal xarakter daşıyacaq. Almaniya hökuməti bəyan edib ki, silah yardını üçün parlamentin qərarına ehtiyac yoxdur.

 

Müxalif Sol Partiya Almaniyanın İraqa hərbi yardım göstərməsinə qarşı çıxsa da, müxalifətdə olan Yaşıllar Partiyasında bu məsələ ilə bağlı fikir ayrılıqları var.

 

Almaniyanın ZDF telekanalının keçirdiyi sosioloji sorğunun nəticəsinə görə, Almaniya əhalisinin 67 faizi İraq kürdlərinə silah göndərilməsinin əleyhinə, 27 faizi isə lehinədir.

Müəllif | Apa.Tv
Apa.tv