“Qalatasaray”dan son anda 3 transfer “bomba”sı!
Türkiyənin “Qalatasaray” klubu transfer pəncərəsinin son günündə üç transferə imza atıb. APA TV-nin məlumatına görə, “sarı-qırmızı”lar “Eskişehirspor” klubu ilə Türkiyə millisinin oyunçusu Tarık Çamdalın transferi ilə bağlı razılığa gəlib. “Eskişehirspor” razılıq əldə olunduğunu təsdiqləyib. İlkin məlumata görə, “Qalatasaray” Tarık Çamdal üçün 4,5 milyon avro və Umut Gündoğanın bonservisini verəcək.
“Qalatasaray”ın heyətinə qatmağa yaxın olduğu daha iki futbolçu isə İtaliyanın “Napoli” klubunda çıxış edir. Onlardan biri İsveçrə millsinin və “Napoli”nini alban əsilli yarımmüdafiəçisi Blerim Cemailidir. “Sarı-qırmızı”ların onunla 3 illik müqavilə imzalayacağı gözlənilir. İsveçrə mətbuatının yazdığına görə, “Qalatasaray” yarlmmüdafiəçi ilə 3 il üçün 4,8 milyon franka razılaşıb.
“Qalatasaray”ın transferini yekunlaşdırmaq üzrə olduğu digər futbolçu “Napoli”nin hücumçusu, Makedoniya millisinin kapitanı Qoran Pandevdir. 31 yaşlı futbolçu ilə 1+1 illik müqavilə imzalanması ilə bağlı razılıq əldə olunub.