16 yaşlı sürücü ağır qəza törətdi: 4 yaralı

Cəlilabadda dörd nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə Cəlilabad -Yardımlı şose yolunun rayonun Pərdi kəndindən keçən hissəsində qeydə alınıb. Rayonun Pərdi kənd sakini, 16 yaşlı  Cavid Quliyevin idarə etdiyi “VAZ-2107” markalı minik avtomobili ilə ötmə əməliyyatı zamanı idarəetməni itirib və rayonun Buravar kənd sakini, 45 yaşlı Balasəm Mirzəmməd oglu Kazımovun idarə etdiyi “Niva” markalı minik avtomobilinə çırpılıb. Güclü zərbə nəticəsində “Niva”-nın sürücüsü ilə həmkəndliləri olan sərnişinləri,  54 yaşlı Şərqiyyə Mərzəmməd qızı Sadıqova, 44 yaşlı Kəmalə Ağadədə qızı Rəcəbova, eləcə də  “VAZ-2107”-nin sərnişini, Pərdi kənd sakini, 14 yaşlı Xalid İntiqam oğlu Tarverdiyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına (MRX) yerləşdiriliblər.

 

Xəstələrdən birinin vəziyyəti ağırlaşdığından dərhal Bakıya gətirilib. Digər üç xəstənin vəziyyəti isə orta-ağır qiymətləndirilir.

 

Qəzaya səbəb kimi 16 yaşlı Cavidin  idarə etdiyi minik avtomobilinin sürət həddini aşması və düzgün manevr etməməsi səbəbindən baş verdiyi bildirilir.

 

Hadisənin dəqiq başvermə səbəbləri avtoekspertizanın rəyindən sonra məlum olacaq. Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv